Yeni mövsümə uğursuz başlayan “Kəpəz”də baş məşqçi dəyişikliyindən sonra komandanın sükanı arxasına gətirilən Azər Bağırov sarı-göylərlə ilk məşqə çıxıb. Mütəxəssis təyinatı, qarşıda duran vəzifələr və komanda ilə bağlı fikirlərini televiziyamızla bölüşüb.
Çempionat start götürəndən ard-arda 4 tur rəqiblərinə uduzan “Kəpəz” qeyri-qənaətbəxş oyuna görə baş məşqçi Adil Şükürovla qarşılıqlı şəkildə müqaviləni pozub. Yeni çalışdırıcı axtarışlarında olan rəhbərlik qısa müddətdə Azər Bağırovla anlaşıb. 40 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. Təyinatı haqda danışan yeni baş məşqçi hamının dəstəyinə ümid edərək uğur qazanmaq istədiklərini söyləyib.
Azər Bağırov- “Kəpəz”in yeni baş məşqçisi: “Doğrudan da “Kəpəz” üçün görünən tərəfdən çox çətin dönəmdir. Mən də xoşbəxtəm ki, bu gün buradayam və bu çətin missiyanın qulpundan yapışmışıq. İnanıram ki, “Kəpəz” və “Kəpəz”sevərlər üçün hər şey yaxşı olacaq. Sadəcə hamının dəstəyi, hamının birləşməyi, bir amal uğrunda mübarizə lazımdır. İnanıram, onu da hamımız birlikdə edəcəyik”.
Gənc mütəxəssis qarşılarına qoyduqları məqsədlərə də toxunub. Bağırov yaxşı kollektiv yaradaraq sarı-göyləri qara zolaqdan çıxarmaq istədiklərini ifadə edib.
Azər Bağırov- “Kəpəz”in yeni baş məşqçisi: “İlkin vaxtda yaxşı kollektiv formalaşdırmalıyıq. O kollektiv ki, bizə xallar gətirəcək, o kollektiv ki, böyük “Kəpəz”in fundamentini qoymaq istəyirik. Premyerliqada qalmaq kimi hallar haqqında heç futbolçuları belə tez-tez deyib narahat etmək istəmirik. Çünki psixoloji cəhətdən bunu demək heç də doğru deyil. İnanıram ki, “Kəpəz” elə bu il də yaxşı dönəmini yaşayacaq, yaxşı yerlər uğrunda oynayacağıq. Azarkeşlərimizi sevindirməliyik, onlara yaxşı futbol göstərməliyik və inanıram ki, onu da bu il edə biləcəyik”.
Azər Bağırov transferlərlə bağlı da fikirlərini bölüşüb. Çalışdırıcı heyətə bir neçə oyunçu cəlb edəcəklərini söyləyib.
Azər Bağırov- “Kəpəz”in yeni baş məşqçisi: “Cüzi transferlərimiz olacaq. Bəzi mövqelər var ki, oranı sığortalamalıyıq. Və ən önəmlisi olan idmanda və futbolda xüsusən rəqabət olmalıdır. O rəqabəti meydançada bacardıqca daha da artırmalıyıq. Çalışacağıq ki, yerli də, legioner də olsun. Hansı alınacaqsa, komandamızın gücünə-güc qatacaqsa bizim xeyirimizə olacaq. 15 top buraxmışıq, qol epizodlarımız elə də çox deyil. Düşünürük ki, həm müdafiəni, həm də yarımmüdafiəni daha da gücləndirək”.
Azər Bağırovun köməkçiləri də artıq məlumdur. Baş məşçiyə analitik məşqçi Rakif Əliyev, məşqçi Araz Bağırov və Zaur Əsədov, qapıçı məşqçisi qismində isə Vüqar Məmmədov kömək edəcək. Ötən mövsüm son iş yeri Araz Naxçıvan olan Azər Bağırov “Kəpəz”lə oyunda məğlubiyyətdən sonra istefaya göndərilib. Mütəxəssisin “Kəpəz”in sükanı arxasında ilk qarşılaşması da məhz 6-cı tur çərçivəsində naxçıvanlılara qarşı olacaq.
Orxan Cəfərzadə
- Baxış: 2399