Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən dörd il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin gün düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma onların təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib. Tovuz istiqamətində gərginlik sonrakı günlərdə də davam edib. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, o cümlədən - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid olub. 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açıb. Prezident İlham Əliyevin sərəncamları ilə Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Vüsalə Cənnətova
- Baxış: 350