• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2395
— 26.09.2016 16:37

Ramil Qasımov: Əziyyətim yerdə qalmadı

Braziliyada keçirilən Rio Paralimpiya Oyunlarında qalib olan gəncəli cüdoçu Ramil Qasımov Gəncəyə qayıdıb. Paralimpiyaçının qarşılanma mərasimində izdiham yaşanıb.

Nüfuzlu yarışların qalib və mükafatçısı olan idmançılar ənənəyə sadiq olaraq uzun illərdir şəhərin girişində qarşılanıb. Bir qayda olaraq onlar Nizami məqbərəsini ziyarətlə doğma şəhərə ayaq basıblar. 

Bu idmançıların sırasına Ramil Qasımov da qoşulub. Paralimpiya çempionu Gəncəyə gəlişini ilk olaraq ulu şeyxin məqbərəsini ziyarətlə başlayıb. Onu görmək üçün bura idman ictimaiyyətinin nümayəndələri, cüdoçunun dostları və ailə üzvləri toplaşıb. İdmançı musiqi sədaları altında qarşılanıb. Yığıncaq maraqlı anlarla da yadda qalıb. Qardaşı Amil Qasımovu çiyninə qaldıran paralimpiyaçı cəngi musiqisinin fonunda rəqs edib. Ramil Qasımov Rio-2016 Paralimpiya oyunlarında cüdo yarışlarında ölkəmizə qızıl medal qazandırıb. Tatami ustası 73 kq-da çəkidə bütün rəqiblərini qabaqlayıb.

Ramil Qasımov -paralimpiya çempionu: "Çox sevindici haldır. Mən Azərbaycana qızıl medal gətirmişəm. İstəyərdim ki, bu yarışda qızılın sayı çox olsun. Qismət bu oldu. Qızıl medal o deməkdir ki, bayrağımız ən yüksəyə qalxır və himnimiz səslənir. Bütün ölkələr ayaqda bizim himnimizi dinləyirdilər. Mən orada iştirak edən ölkələrə himnimizi dinlətmişəm. Çox şükür ki, əziyyətim yerdə qalmadı".

Əli Hacıyev -Ramil Qasımovun şəxsi məşqçisi: "Hər məşqçinin arzusudur ki, yetirməsi bu pilləyə gəlib çatsın. Ramil də məni bu yerə çatdırdı. Mən onunla yüksək yerə layiq görüldüyünə və çempion olduğuna görə fəxr edirəm".

Ramil Qasımov Toğrul Əsgərovdan sonra olimpiya oyunlarında qızıl medala yiyələnən ikinci gəncəli idmançı olub.  

Bu, cüdoçunun olimpiya oyunlarında ilk iştirakı deyil. Qasımov 2008-ci ildə Pekin olimpiyadasında da çıxış edib.

Orxan Cəfərzadə