İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı nəzərdə tutulan yeni qaydaların tətbiqinə başlanılır. Artıq buraxılış ili 2016-dan əvvəl olan nəqliyyat vasitələrinin taksi kimi istifadəsi məhdudlaşdırılacaq. Bundan başqa buraxılış kartı olmayan sürücülərin də faəliyyətinə icazə verilməyəcək. Bəs Gəncədə fəaliyyət göstərən taksi sürücüləri onları gözləyən dəyişikliyə hazırdırlarmı?
Sürücü: “Kimdir gedib 30 minə maşın alıb, 1.50-2 manata maşın sürən?! Gəncədə elə adam yoxdur. Gəncədə heç 5-10 dənə təzə maşın yoxdur. Bu vaxta kimi belə işləmişəm, belə də davam edəcəm. Şahmat qoymayıb, işləyəcəm”.
Yaşar Hüseynov- sürücü: “Bizim pulumuz olsa gəlib taksi işləyərikmi?! Gedib təzə maşın alıb, dağda-bağda dincələrik. Elə imkan olsa, mən də istəyərəm təzə maşın sürüm”.
Vüqar Nəbiyev- sürücü: “Ayın 24-ü imtahandan keçdim. Bütün sənədləri almışam. Sertifikart, buraxılış vəsiqəsi, buraxılış kartı. Maşınım da 2011-ci ildir. Bütün şərtlərə uyğundur, hələ ki”.
Fuad İsmayılov- sürücü: “2008-ci ilin maşındır. Uyğun gəlmək deyəndə, buna nə olub?! 62 yaşım var, hara gedim, harda işləyim? Hardan alım 30-40 mini? Gəncədə 1.50-yə maşın sürürlər. Avtobusdan xeyir edir. 4-5 nəfər oturub, 1.50-yə burdan vağzala gedir”.
İyulun 1-dən ölkədə taksi xidməti ilə bağlı yeni qanun qüvvəyə minəcək. Şəhər ərazisində yalnız sertifikat almış və qeydiyyatdan tam keçən sürücülər taksi fəaliyyəti ilə məşğul ola biləcəklər. Ekspert hesab edir ki, yenilik taksi ilə bağlı müəyyən problemlərə səbəb olacaq.
Elməddin Muradlı- nəqliyyat eksperti: “Belə olan halda təbii ki, ciddi problemlər olacaq. Bu məsələ özünü qiymət artımında göstərdi. Qiymətlər kifayət qədər bahalaşdı. Problem nə vaxt həll olacaq, o vaxt ki, sürücülər artıq tam əmin olacaqlar ki, onlar heç bir güzəşt gözləməyəcəklər, düşünəcəklər ki, qanunu pozsalar cərimələnəcəklər, onda. Ondan sonra artıq bu məsələlər öz həllini tapacaq. Digər tərəfdən taksi sürücüləri arasında sağlam rəqabət yaranacaq”.
Artıq indidən qiymətlərə təsir edən bu qərar taskidən istifadə edən sərnişinlərin ürəyincə deyil. Belə davam edərsə, avtobuslara tələbat arta bilər.
Şəhər sakini: “Qiymətdən narazıyıq, elə yoldaşımın özü də arada taksiyə çıxır. Baxırsan ki, qiymtdən narazılıq edirlər. Belə davam eləsə əlbəttə, biz özümüz də marşrutdan istifadəyə keçərik.
Şəhər sakini: “Əvvəllər sərf edirdi. Bəli, qiymət qalxmağı doğrudur. Baxırsan ki, xeyir eləmir”.
Şəhər sakini: “O baxır bizim aylıq gəlirimizə. Əlbəttə ki narazı olarıq”.
Yeni qaydaların tətbiqindən sonra hər kəsi düşündürən bir sual var. O da taksi fəaliyyətinə nəzarətin necə həyata keçiriləcəyi ilə bağlıdır.
Mütəxəssislər hesab edir ki, bu sahədə keyfiyyətin artırılması və taksi xidmətində olan pərakəndəliyin aradan qaldırılması baxımından qərar vacibdir. Amma buna həm sürücülərin həm də sərnişinlərin uyğunlaşması hələ vaxt alacaq. Buna kimi isə problemlər olacaq.
Aişə Rzayeva
- Baxış: 447