• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 20.06.2024 18:21

Millimiz Olimpiadaya hazırlığa başlayıb

KepezTV Player

Göygöldə yerli Olimpiya İdman Kompleksindəki təlim məşq-toplanışında sərbəst güləşçilər əsasən fiziki göstəricilərini yüksəltməyə çalışırlar. Bunun üçün millimizə yad olmayan və bütün vacib yarışlardan öncə komandamızın gücünə-güc qatan amerikalı məşqçi Mark Alan Filipp pəhləvanlara hazırlıq keçir. Fiziki məşqlərlə birlikdə taktiki-texniki çalışmalara da yer verilib. Tokio olimpiadasında ürəkaçan nəticə əldə edə bilməyən sərbəst güləş seçməmiz Fransada güləş azarkeşlərini sevindirməyi düşünür.

Xetaq Qazyumov- milli komandanın baş məşqçisi: “Olimpiya oyunlarının ilk təlim-məşq toplanışını keçiririk. Tam heyətlə məşqlərə davam edirik. Qarşıda hələ iki hazırlığımız var. Hazırkı toplanışda biz fiziki dözümlülük və sürət məşqlərini edirik. Bütün güləşçilər döyüşkən ruhdadırlar. Lakin bəzi kiçik zədələrimiz var ki, onları sağaltmağa çalışırıq. Bizim qarşımıza qoyulan tapşırıq maksimum lisenziya əldə etmək idi. Bunu da bacardıq. Parisdə 6 çəki dəcərəsində mübarizə aparacağıq. Biz maksimum nəticə qazanmağa köklənən komandayıq və nə qədər bacarırıq çox sayda mükafatla vətənə qayıdacağıq. Mən öncədən vəd vermirəm ki, hansısa sayda qızıl medal əldə edəcəyik. Biz bütün mükafatlar üçün mübarizə aparacağıq. Çempion olmaq və güləşsevərləri sevindirmək üçün Fransaya yollanacağıq”.

Millimizin Göygöl toplanışında həm Olimpiadaya lisenziya qazananlar, həm də qeyri-olimpiya çəkilərdəki güləşçilər yer alıblar. Yığmanın bütün üzvləri Paris 2024-də yaxşı nəticə qazanacaqlarına inanırlar.

Turan Bayramov- milli komandanın üzvü: “Paris Yay Olimpiya Oyunlarına çox ciddi şəkildə hazırlaşırıq. Mən və komanda yoldaşlarım istəyirik ki, Azərbaycana maksimum medal gətirək. Bu, mənim ikinci Olimpiya oyunlarımdır. Birinci Olimpiadada yığdığım təcrübə inanıram ki, bu Olimpiya oyunlarında öz nəticəsini göstərəcək və Toğrul Əsgərovun qazandığı Olimpiya çempionluğunun ardından, 12 ildən sonra bu həsrətə son qoyub Olimpiya çempionu olmaq istəyirəm”.

Əşrəf Aşurov- milli komandanın üzvü: “Məqsəd Olimpiya oyunlarıdır. Biz də Göygöldə təlim-məşq toplanışına gəlmişik. Bura hava şəraiti, rejim cəhətdən məşq üçün çox yaxşıdır. 5-6 sərbəst güləşçimiz var ki, Olimpiaya hazırlaşırlar. Biz komandamıza maksimum dərəcədə inanırıq. Qızıl medal qazanmaq şansları çoxdur”.

Millinin toplanışında sərbəst güləş üzrə gənclərdən ibarət komanda da iştirak edir. Onlar böyüklərlə birlikdə məşq etməyin olimpiada öncəsi proseslərlə tanış olmaq baxımından mühüm rol oynadığını deyiblər.

Nurəddin Novruzov- gənclərdən ibarət millinin üzvü: “Qarşıdan Olimpiada gəlir. Onlarla hazırlaşmaq bizə xeyirdir. Çünki prosesin necə getdiyini bilirik. Gələcəkdə bizim də niyyətimiz odur ki, Olimpiadaya hazırlaşaq. Ona görə də burada məşqlərimiz yaxşı gedir. Amerikadan mütəxəssis də gəlib. Onlarla birlikdə məşq edirik. Arzumuz böyüklərə baxıb, gələcək Olimpiadaya hazırlaşmaqdır. Məşqçilər də bizim üstümüzdə durur, məşqlərimiz proqram əsasında gedir. Fiziki məşqlərə üstünlük veririk”.

Yığmamız iyunun 26-dək Göygöldə toplanış keçəcək. Komandamız daha sonra Qubada və son olaraq Bakıda Olimpiadaya hazırlaşacaq.