• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1864
— 04.06.2024 18:58

Şəhərin rəmzi: Xan çinarları

KepezTV Player

Gəncədəki əzəmətli Şərq çinarları şəhərin rəmzi hesab edilir. Çinar ağaclarına şəhərin parklarında və küçələrində, demək olar, hər addımda rast gəlmək olar. Gəncə çinarları böyüklüyünə görə “Xan çinarı” adlandırılır. Bu ağaclar Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır.

Elmi mənbələrdə əsl adı “Platanus Orientalis” kimi çəkilən Şərq çinarını gəncəlilər Xan çinar adlandırıb, şəhərin rəmzi hesab edirlər. Adətən, 1000 ilə qədər  ömür sürən bu ağacların gövdəsinin diametri 12 metrə qədər böyüyə bilir. Gəncə şəhərində yerləşən əzəmət və ucalıq rəmzi hesab edilən qədim Şərq çinarlarının qorunması üçün pasportlaşma işləri də aparılıb.

Elşad Məmmədov- ATU-nun kafedra müdiri: “Bu çinar ağacları eyni zamanda oksigen mənbəyidir və xüsusilə son dövrlərdə insanların ətraf mühitə antropogen təsirinin olduqca gücləndiyi bir zamanda çinarların çox böyük təsiri var. İqlim dəyişikliyi, çox qlobal bir problem çərçivəsində çinarların rolu çox böyükdür. Gəncə şəhərində ümumiyyətlə 600 yaşdan çox 2 çinar ağacımız var. 500 yaşda olan 5 çinar ağacımız var”.

Gəncənin iqlimi üçün xarakterik hesab edilməyən Şərq çinarları bu ərazilərdə daha sürətlə boy atır. Bioloqlar bunun səbəbinin çinar ağaclarının kökünün torpağın dərin qatlarınadək uzanması və Gəncənin yeraltı çay, kəhriz su sisteminə malik olmasını hesab edir. Şəhər sakinlərinin ilin isti aylarında kölgəsinə sığındığı çinar ağacları Gəncədə xüsusi mühafizə olunur. Bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılır.

Arzu Babayeva- ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini: “Gəncə ərazisində 200-dən çox təbiət abidəsi mövcuddur. Bunların hamısı Şərq çinarı ağaclarıdır. Ən cavanının 190, ən yaşlısının isə 640 yaşı var. Ümumiyyətlə, təbiət abidələrinin mühafizəsi ETSN ilə bələdiyyə və icra hakimiyyətlərinin inzibati ərazi dairəsi üzrə müqavilə bağlanılır və onun təbii vəziyyətinin qorunması ilə bağlı şərtlər orada öz əksini tapır. Hər bir təbiət abidəsinin özünün pasportu var. O abidələrin pasportlarında həmin təbiət abidəsinin yaşı və başqa bütün məlumatlar əks olunur”.

Nəinki Gəncədə, eləcə də ölkəmizin digər şəhər və rayonlarında Şərq çinarlarının əkilməsi məqsədəuyğundur. Çünki, çinar iri yarpaqları vasitəsilə şəhər atmosferinin tozunu və insan orqanizmi üçün zərərli qazları udaraq, ətrafda zəngin oksigen mənbəyi yaradır. Bu mikroiqlim insanlarda fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Pərvin Abbaszadə