Bəli, bu gün həyatımızı rəngarəng edənlərin - uşaqların günüdür. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Sıradakı materialı balaca həmkarımızın təqdimatında izləyəcəksiniz.
Bu gün uşaqların beynəlxalq müdafiəsi günüdür. Dünyanın ən gözəl varlıqlarının günü. Diləyimiz odur ki, bütün balalar xoşbəxt böyüsünlər, müharibə, aclıq, ölüm görməsinlər. Görəsən şəhərimizin balaca sakinləri bu özəl günü necə qeyd edirlər? Sualın cavabını günün qəhrəmanı tapsa daha yaxşı olar.
“Bu gün bizim bayramımızdır. Mən istəyirəm ki, bütün uşaqlar sevinsin, gülsün, əylənsin...”
- Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Sən öz həmyaşıdlarını necə təbrik edərsən?
Uşaq: “Mən bütün uşaqları təbrik edirəm. Bu bayramı da çox sevirəm”.
- Bu günü necə qeyd edirsən? Valideynlərin sənə nə hədiyyə alıb?
Uşaq: “Valideynlərim mənə gəlincik alıb. Bu gün məni parka gətiriblər. Mən bu günü çox xoşlayıram”.
Uşaq: “Bu gün uşaqların bayramıdır. Mən də onları təbrik edirəm. Eyni zamanda da arzum odur ki, hamsı arzularına çata bilsinlər”.
İndi isə bu günlə bağlı sualımızı Elmira və Büllura veririk. Bu günlə bağlı fikirlərin nədir?
Uşaq: “Bu gün bütün uşaqları təbrik edirəm. İstəyirəm ki, hamısı sevinsinlər”.
Uşaq: “Mən də hamısını təbrik edirəm. Mənim bacım bu gün məni parka gətirib. Mən bu bayramı çox sevirəm”.
Uşaqlar bizim sevincimiz, həyatımızın mənası, gələcəyimizdir. Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması əsas məqsədlərdəndir.
Sevil Əsgərova- valideyn: “Uşaqlara həyatda arzularına çatmaq, gözəl və sağlam həyat arzulayarm. Canları sağ olsun. Gözəl günlər görsünlər”.
Kəmalə Abdullayeva- valideyn: “Mən uşaqlara uzun ömür, cansağlığı arzu edirəm. Bu gün onların bayramıdır. Mənim 4 nəvəm var. İndi birini gətirmişəm, o birilər hazırlıqdadır. Gəzdiriəm, yedizdirirəm, hədiyyəsini alıram.”
Eşqin Məmmədov- valideyn: “Qız övladlarımı gətirmişəm. Allah hamısını xoşbəxt eləsin. Bəxtləri gözəl olsun. Onlar bizim gələcəyimizdilər. Allah hamısını xətalardan, bəlalardan uzaq eləsin. Sağlamlıq olsun. Onları həmişə belə şən, firəvan görək”.
O cəmiyyət möhkəmdir, o dövlət inkişaf edərək irəli gedir, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var. 1 iyun simvolik olaraq uşaqlara həsr edilsə də, sabahımız, gələcəyimiz dediyimiz uşaqlara hər gün bayram ab-havası yaşatmalıyıq. Nazim Hikmət demiş: “gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa...”
Aişə Rzayeva
- Baxış: 306