Azərbaycan minalarla çirklənmiş ərazilər baxımından dünyada 5-ci yerdədir. Həmin minalar insan həyatı üçün təhlükə yaradır. Təəssüflər olsun ki, bu səbəbdən həyatını itirən insanların sayı artır. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən konfransda deyib. Ermənistanın Azərbaycana düzgün mina xəritələrini hələ də verməməsi də vəziyyəti pisləşdirir.
İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək
Bu ilin sonuna kimi 20 min keçmiş məcburi köçkün yurdlarına köçürüləcək. III Beynəlxalq Minatəmizləmə Konfransında çıxış edən Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma işləri həyata keçirilir və 9 şəhər yenidən qurulacaq. 800 minə yaxın keçmiş məcburi köçkünün yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. Həmin ərazilərdəki minatəmizləmə prosesinə indiyədək 349 milyon dollardan çox vəsait xərclənib ki, onun da 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub.
Elçin Əmirbəyov- Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: “Ermənistan bizim tələbimizə uyğun olaraq daha dəqiq məlumatların verilməsinə əl atacaq, ona görə ki, bu, eyni zamanda iki tərəf arasında etimadqurucu bir tədbir kimi də nəzərdən keçirilə bilər. Onsuz da siz dediyiniz kimi, bizə verilmiş məlumatlar bizim minatəmizləmə agentliyi, digər dövlət qurumlarımız tərəfindən o qədər də nəzərə alınmır, ona görə ki, onların qeyri-dəqiqliyi onları yararsız edir. Amma buna baxmayaraq, mənə elə gəlir ki, sırf humanitar və mənəvi borclarıdır ki, onlarda olan məlumatları bizimlə bölüşsünlər”.
Qazaxın işğaldan azad olunan dörd kəndində də minatəmizləmə əməliyyatlarına başlanılıb. Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, həmin ərazidə agentliyin bir qrupu, o cümlədən 2 minatəmizləyən maşını və Dövlət Sərhəd Xidmətinin minatəmizləyənləri fəaliyyət göstərir. Vüqar Süleymanov həmçinin deyib ki, hazırda səkkiz ölkə və səkkiz beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir. Ancaq bu yardım minatəmizləmə prosesinin cəmi 4,4 faizini təşkil edir.
Vüqar Süleymanov- Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri: “Azərbaycanda olan mina probleminin miqyası Azərbaycana göstərilən dəstəklə proporsional deyil. Sözsüz ki, biz dünya ictimaiyyətinə bu barədə davamlı çağırışlar, müraciətlər edirik, çünki bu, humanitar bir məsələdir və praktikada adətən hardasa belə bir problem olursa, bu problemin həll olunmasında müxtəlif ölkələr, müxtəlif donor təşkilatlar aktiv iştirak edirlər. Bizim də məqsədimiz odur ki, bu yardımın həcmi çoxalsın”.
2020-ci ildən bəri 361 Azərbaycan vətəndaşı mina qurbanı olub. Qızıl Aypara Cəmiyyətinin baş katibi bildirib ki, işğaldan azad olunan ərazilərdə mülki əhalinin iştirakı ilə baş verən mina hadisələrinin əsas səbəbi risklərdən xəbərdar olmamalarıdır. Qızıl Aypara Cəmiyyəti tərəfindən bu ilin 5 ayı ərzində 16 mindən çox insan mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinə cəlb edilib.
Ceyhun Mirzəyev- Qızıl Aypara Cəmiyyətinin baş katibi: “Bizim əsas hədəfimiz məktəbli uşaqlardır - orta məktəblərdə keçirilir, icmalarda keçirilir ki, gələcəkdə insanlar ora köçəndə, iş fəaliyyətləri zamanı mina risklərini dərindən bilsinlər və bununla da mina riskləri ilə bərabər bizim ilk yardım təlimlərimiz də həyata keçirilir”.
Bir çox ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana mina problemi ilə bağlı yardım etməyə hazır olduğunu bildirib. III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb. Konfransın yekunlarına dair bəyannamə qəbul edilib.
Azad Mustafayev
- Baxış: 257