Azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib. S.Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
- Baxış: 424