Azərbaycan və Ermənistan arasında sülh sazişi ətrafında danışıqların növbəti raundu Qazaxıstanda baş tutub. Almatıda keçirilən görüş 2 gün davam edəcək. Nazirlər Almatıdakı danışıqların çox faydalı olacağına, hələ də mövcud olan açıq məsələlərin həllini tapmaq üçün müsbət istiqamətdə fəaliyyət göstərəcəklərinə inandıqlarını bildiriblər.
Azərbaycanla Ermənistan arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raunduna Almatı ev sahibliyi edir. Bu günə kimi bir sıra platformalar üzrə danışıqlar prosesi aparılsa da, Almatı görüşündə gözləntilərin yüksək olması ilə bağlı səbəblər fərqlidir. Çünki bu dəfə tərəflərin əsas prioriteti sülh sazişi layihəsi ətrafındadır. Xarici işlər naziri Ceyhun Bayramov da bugünkü danışıqların prosesə töhfə verəcəyinə inandığını bildirib. O, delimitasiya məsələsinə də diqqəti çəkərək, vurğulayıb ki, artıq müvafiq ərazilər minalardan təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib.
Ceyhun Bayramov- Azərbaycanın xarici işlər naziri: “Son danışıqların mühüm elementi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanmasıdır. Bu protokolun müddəalarına uyğun olaraq, hazırda birgə səylərlə müvafiq ərazilər təmizlənib və coğrafi koordinatlar dəqiqləşdirilib. Bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, yekunlaşıb. Əminəm ki, Almatıdakı danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bildirib ki, Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib. O, hətta tərəflərin yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmədiyini, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.
Ararat Mirzoyan- Ermənistanın xarici işlər naziri: “Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik. Üstəlik, düşünürük ki, sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıyıq, daha da irəli gedə bilərik. Biz bütün nəqliyyat infrastrukturlarının ərazisindən keçdikləri ölkələrin suverenliyi altında qalacağını və sərhədi keçmə prosedurlarının qarşılıqlı olacağı anlayışı ilə bölgədəki bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”.
Ötən il 19-20 sentyabrda baş tutan antiterror tədbirlərindən sonra ölkələr arasında tendensiyalar pozitivə doğru dəyişib. Azərbaycan ilə Ermənistanın delimitasiya və demarkasiya komissiyalarının aktiv fazaya keçməsi, qarşılıqlı olaraq əsirlərin azad edilməsi, İrəvanın Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləməsi və son olaraq bu ilin aprelində 4 qeyri-anklav kəndin qaytarılması bağlı əldə olunan razılaşma sülh prosesinin nəticəyə yaxınlaşması üçün daha münbit şərait yaradıb.
Orxan Nəbiyev- siyasi şərhçi: “Görüşün əsas istiqaməti sülh müqaviləsi ətrafında olacaq. Elə rəsmi adından da bəlli olduğu kimi, hər iki ölkə arasında sülh və dövlətlərarası münasibətin qurulmasına dair razılıq. Demək olar ki, tərəflər arasında mübahisəli məsələlər qalmayıb. Qarşıda duran əsas məsələ kommunikasiyaların açılmasıdır ki, Ermənistan və Azərbaycan bu məsələdə bir az çətinliklə qarşılaşırlar. Bu görüşdə bu proses də razılaşdırıla bilər”.
Bu gün isə prosesin axarında əsaslı dönüş müşahidə olunur. Bu mənada görüş tarixi ədalətin bərpası üçün, gələcək əlaqələrin inkişafının başlanğıc nöqtəsi kimi tarixə düşəcək.
Pərvin Abbaszadə
- Baxış: 329