• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 06.05.2024 20:09

"Öpücük" virusu respirator infeksiya deyil

KepezTV Player

“Öpücük” və ya “öpüş”. Səslənməsi və fikrimizdə yaratdığı anlamdan fərqli olaraq qarşıdakı süjetimizin mövzusu siz düşündüyünüz deyil. Xəstəlik, daha doğrusu virus barədədir. Bəli, düz eşitdiniz. Bəlkə çoxlarının xəbəri olmadığı, elə ilk dəfə eşitdiyi "öpücük", infeksiya olaraq məhz yayılma üsuluna görə belə adlanır.

Tibbi adı “infeksion mononükleoz” olan infeksiyanın yoluxdurucusu insandır. Təmas yoluyla yoluxan olduğundan "öpücük" adlandırılan xəstəlik orqanizmə tənəffüs, mədə-bağırsaq və cinsi yolla yoluxur. İlkin yoluxma isə immun dəyişiklikləri əmələ gətirir.

Şirxan Vəliyev- həkim: “Buna bir növ “öpücük” virusları da deyilir. Bunlar herpesvirid viruslarına aiddir. Təmasla keçən viruslardır. Bu virusun simptomları adətən gün ərzində  müxtəlif dövrlərdə dalğalanma göstərən hərarətdir. Hansı ki, bütün analiz göstəricilərimiz normada çıxmağına  baxmayaraq, xəstədə davamlı və dərmanlı rezisdent, hərarət olur. Səbəbsiz hərarət zamanı birinci axtarmalı olduğumuz herpes virusu ailəsindən olan epştein-barr virusudur”.

Boğaz ağrısı, 5-10 günə qədər davam edə bilən şiddətli qızdırma, yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalağın böyüməsi. Xüsusi əlamətləri əhəmiyyətli dərəcədə fərqlənməyən "öpücük" bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir. Odur ki, digər respirator xəstəliklərlə səhv salınır.

Şəhər sakini: “Bu xəstəlik haqqında məlumatım yoxdur. Yaxın tanışlarda belə bunun rastlantısı yoxdur, amma internetdə bu xəstəliklə bağlı məlumatlar verilir. Daha çox ağız qırağında baş verir”.

Şəhər sakini: “Öpücük virusu haqqında elə bir məlumatım yoxdur, elə indi sizdən eşidirəm”.

Şəhər sakini: “Bu virus haqda yox, mən eşitməmişəm. Nə tələbələrim olub, nə ailəmdə olub, nə də ki oxumamışam. Ona görə də bilmirəm”.

Şəhər sakini: ““Öpücük” virusunu birinci dəfədir sizdən eşidirəm. Eşitməmişəm”.

Şəhər sakini: “Mən eşitmişəm o “öpücük” virusunu, amma məlumatım yoxdur”.

Qanın ümumi analizi virusun aşkarlanması üçün əsas yaradır. “Öpüş xəstəliyi” ağır gedişə malik olduğundan diaqnozu təsdiq edilən zaman, xəstə adamı ən azı 15 gün ətrafdakılardan təcrid eləmək lazımdır. Mütləq həkimə müraciət etmək və xəstənin istifadə etdiyi bütün əşyaları ayırmaq lazımdır.

Şirxan Vəliyev- həkim:  “Uşaqlarda daha çox rastlandığından pediatrların nəzarətində olmaları məsləhət görülür. Qorunma yolları - gigiyenik qaydalara riayət olunmalı, havaların dəyişən vaxtlarında xüsusən istidən soyuğa keçiddə diqqətli olmalı, soyuq havada çox olmamalı, bədəni və orqanizmimizi qorumaq lazımdır”.

Bu xəstəliyin spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik qızdırma varsa, qızdırmanı aşağı salan dərmanlar vermək, dəstək müalicə tətbiq etmək və yataq istirahəti lazımdır. Öpücük xəstəliyinin inkubasiya dövrü təxminən 40 gündür, lakin kiçik uşaqlarda bu müddət 15-20 günə qədər qısala bilər. Bu xəstəliyi, bir dəfə keçirən uşaqda immunitet yaradır və ömür boyu təkrarlanmır.

Pərvin Abbaszadə