Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb. 64 nəfər naməlum şəhid məzarlarından tapılan şəxslərdir. Onlardan 22 nəfəri Gəncənin Şəhidlər Xiyabanda dəfn edilənlərdir. Ümumilikdə Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov axtarışların sonuncu itkinin taleyi məlum olana qədər davam edəcəyini açıqlayıb.
Beyləqanın Peyğəmbəri qəbiristanlığında basdırılan və artıq şəxsiyyəti müəyyənləşdirilmiş 10 nəfərin, bundan əlavə Edilli, Daşaltı və Sarıcalı kəndlərində kütləvi məzarlıqlarda aşkarlanmış 9 nəfərin qalıqları həmin ərazidən götürülüb. İlkin olaraq onların ailəsinə təhvil verilməsi prosesi həyata keçiriləcək. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin arasında 872 nəfərin o zaman sağ olması faktlarının olduğunu açıqlayıb. Bundan başqa Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib.
Eldar Səmədov- Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: “73 nəfər iki istiqamət üzrə müəyyən olunub. Biri respublikanın ayrı-ayrı şəhər və rayonlarında tanınmadan dəfn edilən naməlum məzarlardan çıxan meyit qalıqlarıdır. Bakıda Şəhidlər xiyabanında 13 nəfər tanınmadan dəfn edilib. Ağdam rayonu, Sarıcalı kəndi üzrə 3 nəfərin şəxsiyyəti eyniləşdirilib. Gəncə şəhəri Şəhidlər Xiyabanında olan naməlum məzarlarda basdırılmış 22 nəfərin şəxsiyyəti müəyyənləşib. Tərtər rayonu Şəhidlər xiyabanında 13 nəfərin şəxsiyyəti eyniləşdirilib. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqdan çıxan meyit qalıqlarından 4 nəfərin, Şuşa rayonu Daşaltı kəndi üzrə 2 nəfərin şəxsiyyəti müəyyənləşidirilib”.
Orxan Rzayev- Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi: “Şahidlərin ifadələri əsasında meyitlərin basdırıldığı ehtimal edilən yer müəyyən edilməklə əraziyə baxış keçirilir və insan qalıqları aşkar edildiyi halda məhkəmə-tibbi kriminalistik və məhkəmə-genetik ekspertizaları təyin edilməklə şəxsiyyətləri dəqiqləşdirilir. Buna misal olaraq Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində 12 nəfərə məxsus insan qalıqlarının aşkar edilməsini göstərə bilərik”.
Vüsalə Cənnətova
- Baxış: 242