"Azərbaycan-Çin siyasi əlaqələri yüksək səviyyədədir. İkitərəfli münasibətlərdə son vaxtlar böyük canlanma baş verir". Bu barədə prezident İlham Əliyev Çinin Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edərkən bildirib. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən dövlət başçısı bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğulayıb. Həmçinin sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu bildirib. Azərbaycanın Çin üçün çox vacib tərəfdaş olduğunu vurğulayan qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini deyib. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
- Baxış: 291