Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.
Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Şəhər sakini: “Hazırda kollecdə oxuyuram və qrupumuzda 6 nəfər həm nişanlanıb, qaçıb, ərə gedib. Heç yaxşı baxmıram və bunların səbəbi ailə məhdudiyyətdir ki, insanlar problemlərdən qaçmaq üçün erkən nikah qururlar və məncə heç yaxşı deyil. Tək ailə basqısı ilə deyil, misal üçün ata-ana onlara hər hansı bir problemdə şiddət göstərir və ona görə də başqa bir yerdə yaşamaq üçün hər hansısa bir insanla danışırlar qaçırlar, evlənirlər”.
Şəhər sakini: “Yəni pis baxıram. Məncə o qədər tez ailə qurmamalıdırlar. Birinci təhsil almalıdırlar, sonra ərə getməlidirlər. Pis baxıram çünki ailə zorakılığı ilə olur. İlk öncə oxumalıdırlar, sonra nikah etməli, işləməli, kariyera qurmalıdırlar. Kişi üçün məncə 26-27 yaş, qadın üçün isə 24-25 yaş evlilik yaşıdır”.
Şəhər sakini: “Erkən nikah problemi elə ən başda ailənin özündədir ki, yəni erkən nikah tünd xasiyyətli insanların düşüncəsidir ki, övladımız tez ərə getsin. İstəyirlər ki, övladları bunlara yük olmasın. Ona görə də tez evləndirirlər və ya qarşı tərəfdən maddiyat güddükləri üçün belədir”.
Şəhər sakini: “Ümumiyyətlə cəmiyyətimizdə bu kimi hallar- yəni erkən nikah halları adi bir hal alıb. Bu da təbii ki, bizim mühitimizə görə bir tragediyadır. Ümumiyyətcə bu hamısı cəhaləttən irəli gələn bir şeydir. Yəni qız uşaqlarımızı oxutmamaq, onları təhsildən ayrı salmaq. Yəni bununla da təhsildən uzaq qaldıqca artıq onun taleyi baxımından da, həyatdakı uğursuzluqlarının ən başlıca səbəbidir və bu, onları uçuruma sürükləyir. Ağıl, məntiq süzgəcləri var, onlar formalaşdıqdan sonra evlənmək olar. O isə təsadüf edir 23-24 yaşdan sonra”.
Şəhər sakini: “Erkən nikahın sırf səbəbi odur ki, misal üçün, ərəblərdə qız uşağını artıq bir yük olaraq görürdülər. Əksər ailələr istəyirlər ki, qızlarını elə bil azad etsinlər. Ona görə də ən yaxşı yaş dövrü təbii ki, 18 yaşdan yuxarı olmaq şərtiylə, daha doğrusu ən uyğun vəziyyət 30 yaşlardır. Problem həm valideyndir, həm də mühit”.
Şəhər sakini: “Məlum məsələdir ki, universitet tələbəsi olaraq erkən nikaha pis baxıram. Sadəcə olaraq bunu şəxsin özündə də günahkar olaraq görürəm ki, valideynlərə fikrini asanlıqla bildirə bilmirlər ki, mən erkən nikah istəmirəm, mən erkən nikaha qarşıyam. Gənclər var ki, hal-hazırda onları hormonları çaşdırır, bəlkə də sosial şəbəkələrdə gördükləri videolarla bağlıdır. Həm də ailədə də sevgi görmürlər. Düşünürlər ki, bu sevgini, qayğını gedəcəkləri həyat yoldaşlarında tapacaqlar. Bu kimi düşüncələri istər oğlan olsun, istər qız bu kimi düşüncələrdən erkən nikaha sövq edilirlər”.
Hazırda erkən nikah dünyanı narahat edən aktual problemlərin ilk sıralarında gəlir. Erkən nikah, yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.
Səmra Əliyeva- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi: “Komitəmiz tərəfindən istər paytaxtda, istərsə də regionlarda mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Görüşlər xüsusən yeniyetmələrlə və valideynlərlə həyata keçirilir. Onlara erkən nikahın səbəbləri, eyni zamanda fəsadları barədə məlumatlar verilir. Erkən nikaha daxil olan gənclərin, yeniyetmələrin gələcəkdə hansı çətinliklərlə üzləşəcəyi, xüsusən fiziki mənada, təhsildən yayınma mənasında, hər bir xırdalığıyla onlara izah edilir və bütün cəmiyyətə səslənilir ki, gəlin bu problemlə birgə mübarizə aparaq. Eyni zamanda komitəmiz tərəfindən bu istiqamət üzrə sosial çarxlar və maarifləndirmə vəsaitləri hazırlanır”.
Bu sahədə maarifləndirmə tədbirləri erkən nikaha məcburetmənin qarşısını almaqda valideynlərə bir təsir metodu kimi də dəyərləndirilə bilər. Həm tibbi, həm dini, həm də elmi cəhətdən aparılan izahat işləri eləcə də psixoloji təsir vasitəsi kimi də özünü biruzə verir.
Sona Davudova- psixoloq: “Erkən nikah mövzusu, bütün dövrlərdə dünyada nə qədər maarifləndirmə işləri aparılsa da hələ də günümüzdə belə hallara rast gəlirik. Burda bir çox faktorlar var. Bunlardan birincisi odur ki, valideynlərin övladları müəyyən səbəblərinə görə təhsildən yayındıqları üçün və ya hər hansısa bir peşəyə sahib olmadıqları üçün erkən nikaha cəlb edərək sanki bir vasitə ilə onları və özlərini xilas etməyə sövq edirlər. Əlbəttə ki, tək valideynlərdən asılı deyil, müəllimlərdən də asılıdır, mühitdən də. Amma nəzərə alsaq ki, bu dövrdə insanı idarə edən təkcə öz şüuru deyil, eyni zamanda hissləri, hormonları, duyğularıdır və ona görə də daha yetkin bir insanın doğru yolu göstərməsi mütləq şəkildə lazımdır”.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə 5138 nəfər olub. Son illərdə bu statistikada əhəmiyyətli azalma müşahidə olunub.
Pərvin Abbaszadə
- Baxış: 268