Naxçıvanda 21 il əvvəl törədilən qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Kəngərli rayonunun Qarabağlar kənd sakini, 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın əri, 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun başından daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub. Hadisə 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində baş verib. Həlimə Kərimovanın göstərdiyi yerdə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümüklər aşkar edilərək götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Baxış: 146