• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 26.02.2024 20:00

Soyqırımı memorialının təməli qoyulub

KepezTV Player

Bu gün Prezident İlham Əliyev Xocalı şəhərində soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin tikintisi ilə bağlı hər il müəyyən tərəddüdlər keçirərək, layihənin təxirə salınmasına da aydınlıq gətirib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz, Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq".

“Xocalıya ədalət!” çağırışının cavabsız qaldığından təəssüflənən dövlət başçısı 18 ölkənin qanlı faciəni soyqırımı kimi tanıdığını vurğulasa da, bu ölkələrin arasında böyük dövlətlərin adlarının olmadığını sözlərinə əlavə edib. Prezident beynəlxalq təşkilatların, bir çoxunun bu faciəyə biganə qaldığını qeyd edib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb. Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır”.

Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Prezident İlham Əliyev Xocalı soyqırımının heç vaxt unudulmayacağını, günahkarların cəzalandırılacağını da bildirib.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki? Yenə də deyirəm, bütün bunlar təbii bizim fikirlərimizdir, duyğularımızdır. Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Dövlət başçısına Xocalı Soyqırımı Memorialı barədə məlumat verilib. Vurğulanıb ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev sakinlərlə birlikdə Xocalı şəhərində aparılan tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Vüsalə Cənnətova