Tarixə ekskursiya edəndə görürük ki, bir zamanlar gənc cütlüklərin saatlarla dəstəyin başında gözlədiyi telefon aparatlarından, yaxud taksafonlardakı növbələrdən bu gün əsər- əlamət qalmayıb. Dövr dəyişdikcə, keçmişdə möcüzə kimi qəbul etdiyimiz stasionar telefonlar – yəni ev telefonları da artıq populyarlığını itirir. Bu cihazlar demək olar ki, özləri tarixə dönür.
"Evləri köndələn yar" televiziya tamaşasından fraqment…
İllər öncə belə idi. Yeganə əlaqə saxlayacağımız vasitə hər birimizin “ev telefonu” kimi tanıdığımız stasionar telefonlar idi. Amma bu gün zaman da başqadır, telefonlar da. İndi bizi bir-birimizi bir düyməni basmaq kimi bəsit və cəld vasitələr birləşdirir. Texnologiya inkişaf etdikcə, insanlar daha rahat və smart texnoloji vasitələrdən istifadə etməyə üstünlük verirlər. Smartfon dövrünün son 10 ildə fantastik inkişafı, bununla yanaşı, messencerlərin bazara daxil olması bu sahədə illərdir mövcud olan stasionar telefonların da tarixə qovuşmasına gətirib çıxardı. Bir çoxumuz bu cizahdan sonuncu dəfə nə zaman istifadə etdiyimizi belə xartırlamırıq.
Şəhər sakini: “Desəm 3-4 il bundan əvvəl, inanmayacaqsınız. Ona ehtiyac yoxdur. Hamıda əl telefonları var”.
Şəhər sakini: “Axırıncı dəfə bəlkə də dekabrda istifadə eləmişəm - bayram təbriklərini qəbul eləmişik. Ondan sonra istifadə eləməmişik. Elə gedirəm poçta bağlatmağa. İnternet olan yerdə o artıq nəyə lazımdır? Bütün məlumatı internetdən alırıq”.
Şəhər sakini: “Ona tələbat azdır, çox azdır. Ona görə də o, gözdən düşüb. 1 evdə 5 nəfər bundan istifadə edir”.
Şəhər sakini: “Hal-hazırda istifadə eləmirik. Ehtiyac yox idi, 1 il olar bağlatmışıq. İndi intenetlə istifadə edirik”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilir ki, hazırda şəhər telefonlarından istifadə miqyas olaraq aşağı düşüb. İnternet xəttləri bilavasitə stasionar telefonla əlaqəli olanlar isə məcbur bu vasitəni sıradan çıxara bilmirlər. İnternetlə heç bir əlaqəsi olmayan telefonların isə çoxu bağlatdırılır.
Alidə Mustafayeva- “Aztelekom” MMC-nin mətbuat katibi: “Sorğunuza cavab olaraq bildiririk ki, cari ilin yanvar ayının sonuna olan statistikaya görə, Gəncə üzrə 34 min abunəçimiz var. GPON texnologiyasının tətbiqi ilə əlaqədar müştərilərin seçimi yüksəksürətli və genişzolaqlı internet xidmətlərindən istifadə olduğundan, sabit telefona qoşulmada 2023-cü ilin yanvar ayı ilə müqayisədə azalma müşahidə olunur”.
Bəlli məsələdir, texnologiya yerində saymır, inkişaf edir. Güman ki, illər sonra mobil telefonları da əvəz edəcək daha praktik vasitələr olacaq. Əsas odur ki, vasitə fərqi olmadan duyacağımız və duyuracağımız xəbərlər xoş sədalar olsun...
Aişə Rzayeva
- Baxış: 144