Səhər saatlarında çox insan doyunca yatıb, ötən gün xərclənən enerjini bərpa edib, yeni günə yenilənmiş enerji ilə başlamaq istəyir. Ancaq yeni günə hazır olmağın sirri sadəcə sağlam yuxu deyil.
Sabahın erkən saatlarda idmanla məşğul olmaq sizə gün boyunca yüksək enerji bəxş edə bilər, əhval-ruhiyyənizi yüksəldər, artıq çəkidən azad olmağa yardımçı olar. Yaş kateqoriyasından asılı olmayaraq artıq demək olar ki, böyük əksəriyyətin probleminə çevrilən diqqət əksikliyinə də təsiri danılmazdır səhərlər idmanla məşğul olmağın. Ümumiyyətcə, fiziki aktivlik günün vaxtından asılı olmayaraq insana müsbət təsir edir.
Ruxsarə Hüseynova- həkim: “İdman canın cövhəridir, deyirik həmişə. Doğrudan da helədir. Bu dəqiqə metabolizm sindromlu xəstələr, diabetik xəstələr, piylənmə ilə olan xəstələr çoxdur. Buna görə onlar səhərlər idmanla məşğul olmalıdırlar, fiziki aktiv olmalıdırlar ki, metabolizm normallaşsın. Arıqlama dərmanı ilə yox, fiziki hərəkətlə olmalıdır. Fiziki aktivlik zamanı bizim beyin hüceyrələrində, neyronlarda yerləşən endorfin adlanan hormon var, onun miqdarı artır və biz xoş əhval-ruhiyyə ilə işə başlayırıq”.
Əgər fiziki aktiv həyat tərzi yaşamaq istəyirsinizsə, səhərlər 45 dəqiqə idmanla məşğul olmaq yetərli hesab edilir. Sabah məşqi sadəcə gümrahlıq demək deyil, həmçinin emosional durumun da yaxşılaşması deməkdir. Bu səbəbdən idman etdiyiniz zaman sevdiyiniz musiqini dinləməkdə də fayda var. Bir də ki, idmanla məşğul olmağın yaş həddi anlayışı da yoxdur.
Fizuli Verdiyev- şəhər sakini: “Yaşım 75-dir. İdmanla məşğul oluram. Səhər tezdən 4-də, 4:30-da qalxıram. Əvvəl evdə, sonra çöldə, həyətdə məşq edirəm. Sonra gəlirəm Xan Bağına və yaxud da Qələbə parkı indi bağlanıbdır, orada idmanla məşğul oluruq. Saat 8-ə qədər. Necə lazımdır o cür. Gündə ən aşağısı 7 km, yuxarısı 17, 18 km addımlayıram”.
Səfayət Məmmədova- sakin: “Hər gün gəlirəm bu idmanı hər gün edirəm. Saat 5, 6, 7 fərqi yoxdur. Ama hər gün gəlirəm. Arzulayıram ki, hər kəs gəlsin, idman eləsin. Birinci yeriyirəm. Sonra trenajorlarda məşğul oluram. Hər gün eyni qaydada davam edirəm”.
Xan bağında səhərin erkən saatlarda əsasən yaşlı və orta nəslin nümayəndələrinə rast gəldik. Ardından gənclər də səhər məşqi etmək üçün parkda yerləşən idman meydançasındakı qurğulardan yararlanmağa başladı.
Vahid Əsgərov- sakin: “Qaçış hərəkətlərindən başlayıram, əsasən isinmək üçün. Sonra burada turnikdə müəyyən hərəkətlər edirəm. Brus, jım və başqa idman hərəkətləri. Səhər tezdən buraya gələndə adam özünü sağlam hiss edir. Bütün gənclərə də səhər tezdən bu cür idmanla məşğul olmağı, buraya gəlməsələr də, müəyyən idman hərəkətlərini etməyi tövsiyə edirəm”.
Alimlərin araşdırmalarına görə, səhərlər davamlı məşqlər etmək üçün 21 günlük baryeri aşmaq lazımdır. Burada əsasən psixoloji amil rol oynayır. Belə ki, bu müddət yeni vərdişin mənimsənilməsi üçün ideal zaman kəsiyidir.
Ramin Paşayev
- Baxış: 183