Robotik kodlaşdırma və ya gәlәcәyin dili. Bu gün dünyanın hansı yerində olmağından asılı olmayaraq, bir çox işi asanlaşdırmaq mümkündür. Bizdə də uşaqlara texnologiyanın bu imkanı aşılanır. Reallıq onu göstərir ki, bu sahəyə olan maraq yetəri qədər artıb.
Hüseyn Məmmədov- şagird: “Burda robotların bəzi hissələrini hazırlayırıq. Fevralın axırı robot yarışları var deyə, biz ona görə robotun bəzi hissələrini hazırlayırıq ki, yarışa hazır olaq. Bizim üçün robotik kodlaşmanın əslində elə bir çətinliyi yoxdur. Amma bəzi robotların hissələrində çətinlikləri olur. Onu bağlamaq, açmaq bəzi yerlərdə çətinliklər yaradır”.
Artıq robotik kodlaşdırmanı öyrənməyin arxasında duran məqsəd yalnız bacarıqlı proqramçı olmaq və əmək bazarının ehtiyaclarını ödəmək ilə məhdudlaşmır. Bu, uşaqların həyatın bütün sahələrində irəliləməsinə imkan verir. Kodlaşdırmanın faydaları təəccüblü dərəcədə geniş ola bilər. Uşaqlarınızı erkən yaşlarından gələcəyə hazırlamağa gəldikdə, əsasən də robotik kodlaşdırmaya, həyat bacarıqları və karyera imkanları əldə etmək üçün bir çox fürsətlərin qapısını açır. Müşahidələrimizə əsasən deyə bilərik ki, uşaqların bu sahəyə doğrudan da böyük marağı var. “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif bilikləri tətbiq etməklə müasir avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldirlər. Əkbər Bağırov- şagird: “Kodlaşdırma, texniki işləri kompüterdə rəqəmsal dildə yazmağa köməklik edir. Biz kompüterdə proqramlaşdırma ilə robotlara əmrlər verə bilirik. Mənim uşaq vaxtı robotexnikaya həvəsim var idi. Robotu necə işə salmağa nəzər yetirdikdə orda görürdüm ki, proqramlaşdırma ilə edirlər. Elə ordan məndə həvəs yarandı”.
Murad Qurbanov- şagird: “Burda biz kod yazırıq və robot yığırıq. Kodları yığmaq üçün biz ona əmr veririk ki, misal üçün, düz get, o, düz gedir və ya arxaya gedir, əmrini yetirir”.
Abdulla Hüseynli- şagird: “Burda biz “Tinkercad” proqramı vasitəsilə 3D printerə yükləyəcəyimiz proektləri birinci kompüterdə proqramlaşdırırıq. Fiqurların həcmini və proektimizi kodlaşdırırıq. Növbəti hissədə isə biz onları çap edirik. Bəzən də olur ki, komanda yoldaşlarımız robotexnika yarışlarında robotların çatışmayan hissələrini, bəzən də artıq bir hissəyə ehtiyacı olur. Onda da biz burda kodlaşdırma ilə Fleşprintdə onları çap edirik”.
Robotik kodlaşdırmanı öyrənən uşaqlar bir çox şeyə nail olur. Kodlaşdırma problemin həllinə əsaslandığı üçün uşaqlara digər dərslərini daha yaxşı başa düşməyə kömək edir. Bu, onlara analitik düşünməyə imkan verir. Robotik kodlaşdırmanı öyrənən uşaqlar komanda işini daha yaxşı dərk edirlər.
Mətləb Alıyev- robotik kodlaşdırma müəllimi: “Burda əsas məqsədimiz şagirdlərə kodlaşdırmanı öyrətmək. Bunları öyrətməklə yanaşı, uşaqlarda 21-ci əsrin bacarıqlarını formalaşdırmaq istəyirik. Bunlar hansı bacarıqlardır?- yaradıcı düşünmə, tənqidi təfəkkür, komanda ilə işləmə bacarığını biz şagirdlərdə formalaşdırmaq istəyirik ki, artıq 21-ci əsrin peşələri daha çox bacarıqyönümlü peşələrdir. Əvvəlki illərə nisbətən artıq uşaqlarda və valideynlərin bura yönəlməkdə maraqları daha çox artıbdır”.
Kompüter elmini öyrənməyin ən yaxşı yollarından biri ətrafımızdakı materiallardan istifadə edərək maraq və motivasiyanı artırmaqdır. Uşaqlarda Kodlaşdırmaya başlamaq üçün isə yaş məhdudiyyəti yoxdur. Bəzi uşaqlar 6 yaşında, bәzilәri isә daha gec yaşda robotik kodlaşmaya hazır olurlar.
Pərvin Abbaszadə
- Baxış: 142