• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 10.02.2024 19:02

Qışda istifadə olunan konservləşdirilmiş qidaların yaratdığı təhlükə

KepezTV Player

Qış mövsümündə süfrədə istifadə etdiyimiz qidalar içərisində konservləşdirilmiş olanlar xüsusi yer alır. Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə edə bilməsi üçün həmin məhsulları məişət şəraitində konservləşdirir. Və ya könlü istədikcə mağazadan alır. Bu kimi halların mövcudluğu isə qida təhlükəsizliyi ilə bağlı risk faktını ortaya qoyur.

İnsanlar meyvə və tərəvəzlərdən təzə halda deyil, konservləşmiş halda istifadə edirlər. Xüsusilə pomidor, xiyar konservləri, müxtəlif turşular həm xörəklərdə həm də süfrələrdə tez- tez yer alır. Bunların hazırlanması isə yay fəslində ənənəvi üsullardan faydalanaraq ərsəyə gətirilir.

Sərəncam Ələkbərova- şəhər sakini: “Ən çox qışda evdə lazım olan pomidordur. Qışda çox baha olur. Yayda hazırlayırıq. Pomidorları qaynar su töküb, qabığını soyuruq. Bankalara yığırıq. Çay qaşığı ilə duz əlavə edirik. Soyuq suyun içərisinə qoyub, qaynadırıq. Sonra bağlayıb, qışa saxlayırıq. Açan zaman mütləq ona baxırsınız, qoxuluyursunuz. Sonra bura tökürük. Ocaqda qaynayıb, suyu bir az çəkiləndən sonra ora yağını, yumurtasını əlavə edirik”.

Belə məhsulları marketlərdən əldə edənlər də az deyil. Yaydan tədarükünü görməyənlər konservləşdirilmiş məhsulları mağazalardan alırlar.

Alıcı: “Hər dəfə almırıq. Həftədə bir, 15 gündən bir alırıq. Alanda da suyuna baxırıq, bulanıq olmasın. Deyirlər, bulanıq olanda adamı zəhərləyir. Bir də tarixinə baxırıq ki, təzə olsun”.

Alıcı: “Mağazadan da alırıq, evdə də hazırlanır. Alanda baxırıq ki, əsas tarixi yeni olsun”.

Cavid Cəfərov- satıcı: “Konservləşdirilmiş məhsullarımıza tələbat azdır. Günə 10-15 dənə satılır. Qiymətləri münasibdir - 2.50-dən başlayır, 10-15 manata kimi dəyişir. Elə insanlar var bunları evdə hazırlayır, eləsi də va marketdən alır”.

Amma bir çox hallarda bu məhsullar həyatımız üçün təhlükə yaradır. Onların hazırlanma və saxlanma qaydalarına düzgün riayət edilməlidir. Bundan başqa istehsal zamanı sanitar-gigiyenik qaydalara, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur.

Aidə Əsgərova- qida eksperti: “Əgər konservlər 100 dərəcədən yuxarı sterilizə olunmayıbsa, bunların saxlanma şəraitinin heç bir önəmi olmayacaq. Onun tərkibindəki bakteriyalar çoxalaraq, insan üçün təhlükə yaradır. Bundan əlavə saxlanma şəraiti müsbət 15 dərəcəyə kimi olsa daha məqsədəuyundur. Düz Günəş işığı düşməməlidir. Nisbi rütubətlilik 80-85 faizdən yuxarı olmamalıdır. Marketdən alınan konservlərin də birinci suyuna baxmaq lazımdır. Üzərində kif olub-olmamağına baxmaq lazımdır. Və mağazada saxlanılan şəraitinə”.

Mütəxəssislər deyir ki, konservlər düzgün hazırlandığı təqdirdə faydalı olur. Məhsulun tərkibində olan mikroelementler və vitaminlər normal səviyyədə qalır, bununla da bizim qış ərzində olan vitamin aclığımız ödənir.

Xəyalə Əhmədova- həkim: “Qaynadılma üsulu ilə hazırlanmış qidalarda vitamin balansı pozula bilir. Vitaminlər yararsız hala düşə bilər. Amma bir çox hallarda mineral kompleks oaraq saxlanılır. Bəs biz bir həkim olaraq niyə konservləşdirilmiş qidalardan qorxuruq? Bildiyimiz kimi konservləşdirilmiş məhsullardan zəhərlənmə halları çox olur. Burada botulizm xəstəliyi ən çox yer tutur. Bu, infeksion xəstəlikdir. Sırf konservləşdirilmiş qida məhsullarında inkişaf etmiş botulin toksinlərindən əmələ gəlir”.

Bəzən bu cür məhsullar özümüzün və ailəmizin təhlükə mənbəyinə çevrilir, zəhərlənmə halları baş verir, orqanizmdə fəsadlara yol açır. Ona görə də ehtiyatı əldən verməmək lazımdır.

Aişə Rzayeva