Ötən ilin sonundan başlayaraq Gəncədə bələdiyyələr tərəfindən bina evlərində yaşayan fiziki şəxslərdən əmlak vergisinin yığılması həyata keçirilir. Hələlik bu proses şəhəri tam əhatə etməsə də, bildiriş verilən sakinlərin əksəriyyəti əmlak vergisi ilə Mənzil İstismar Sahələrinin topladığı mənzil üçün xidmət haqqını qarışdırırlar. Bu məsələni aydınlaşdırmaq üçün maarifləndirici süjet hazırlamışıq.
Mənzil İstismar Sahələri mənzilin istismarı üçün vətəndaşlardan illik xidmət haqqı alırlar. Nizami yurdunda əvvəlki illərdən fərqli bir neçə ildir bu, onlayn qaydada həyata keçirilir. Bununla yanaşı ötən ildən bələdiyyələr əslində 2021-ci ildən tətbiq edilən əmlak vergisini sakinlərdən toplamağa başlayıblar. Belə olan halda mülkiyyət sahibləri çaş-baş qalırlar və ödənişdən xəbərsiz olduqları üçün buna tərəddüdlə yanaşırlar. Təbii ki, əmlak vergisindən məlumatlı olanlar da var, olmayanlar da.
Bəxtiyar Səfərov- sakin: “Əmlak vergisindən məlumatım yoxdur, amma hər il “JEK pulu” tuturlar 6 manata yaxın. Amma əmlak vergisindən heç xəbərim yoxdur”.
Ramiz Hüseynov- sakin: “Əmlak vergisi bilirəm, onu ödəyirəm. Bildiriş gəlir, ona uyğun da ödəniş eləyirəm”.
Bəs əmlak vergisi necə hesablanır? Yaşadığı mənzilin sahəsinə görə mülkiyyətçi nə qədər pul ödəməlidir?
Akif Əliyev- Nizami bələdiyyəsinin vergilər şöbəsinin müdiri: “30 kvadratdan yuxarı olan sahəyə Gəncə şəhəri üçün hər bir kvadratmetrinə 30 qəpikdən hesablanır. Məsələn, deyək ki, hər hansı bina, fərdi yaşayış evinin ümumi sahəsi 30 kvadrat yox 50 kvadratdır. Bunun 30 kvadratı bələdiyyə tərəfindən qanunamüvafiq çıxılır, geridə 20 kvadrat qalır. 20 kvadrat 30 qəpikdən hesablanır, bu da illik 6 manat edir”.
Əmlak vergisinin ödənilməməsinə görə isə hər bir ötən gün üçün 0.1 faiz cərimə tətbiq olunur. Vətəndaşlar bu vergini ödəyəcəklərindən xəbərsiz olsalar belə, bu, qanunla tənzimlənir.
Elnur Azadov- əmlak eksperti: “Ölkədə müxtəlif ərazilərdə bununla bağlı müvafiq vergilər toplanır və hər bir vətəndaş bu kimi vergilərin vaxtında verilməsində öz öhdəliyini daşıyır. Gecikmələr olduğu halda xüsusi qaydalara yuğun olaraq cərimələr, dəbbə pulları tətbiq olunur. Vətəndaş bu haqda bilmədiyinə görə, bu vergilərdən azad olunmur. Bu qanun bütün Azərbaycan Respublikası ərazisində keçərlidir”.
Əmlak vergisi yalnız bina evlərində yaşayanlara şamil edilmir. Eyni zamanda sözügedən vergi, fərdi yaşayış evləri və qeyri-yaşayış sahələrində fəaliyyət göstərən sahibkarlara da aiddir. Ancaq sahibkarlar obyektlərinin sahəsinin tam hissəsinə görə əmlak vergisi ödəyirlər.
Orxan Cəfərzadə
- Baxış: 153