İkinci Qarabağ müharibəsində ermənilərin Gəncəyə atdığı raket zamanı şəhərdə zərər görən infrastrukturlar sırasında 29 nömrəli orta məktəb də olub. Demək olar ki, istifadəyə yararsız hala düşən təhsil ocağı yenidən tikilərək, kontingentin istifadəsinə verilib.
Leyla Səmədova- şagird: “Mən, birinci dəfədir ki, belə sinif otaqları görürəm. Belə avadanlıqlar, kompüterlər çox gözəldir. 3D printerləri, 3D qələmləri mən heç vaxt görməmişəm”.
İndi 29 nömrəli tam orta məktəbin bütün sinif otaqları əvvəlkindən fərqlidir. Həm avadanlıqlar, əyani vəsaitlər, həm də interyer baxımından. Bu gündən şagirdlər və müəllimlər məktəbin təmirli 37 sinifində tədrisə davam edirlər. Yenidən tikilən məktəb 960 yerlik olduğundan 1068 şagirdin dərslərdə iştirakını təmin etmək üçün tədris ikinövbəli təşkil olunub. Fizika, kimya və biologiya laboratoriyaları, rəqəmsal, texnologiya və STEAM sinifləri tədrisin hərtərəfli təşkilinə şərait yaradıb.
Yeni tikilərək şagird və müəllimlərin istifadəsinə verilən 29 nömrəli orta məktəbdə 3 STEAM otağı yaradılıb. Bu STEAM otaqları bütün müasir avadanlıqlarla təchiz edilib. Həmin STEAM otaqları şagirdlərin yaş kateqoriyasına görə bölünür.
Gültəkin Səmədova- müəllimə: “Burada uşaqlar 3D printerlərdən modellər düzəldəcəklər. Bəlkə də gələcəyin texnoloqları, mühəndisləri elə buradan çıxacaqdır”.
Yaşı yarım əsrə bərabər olan təhsil ocağı Vətən müharibəsində düşmənin hədəfinə çevrildiyindən məktəb üçün yeni bina inşa edilib. Yeni bina müasir tələblər səviyyəsində tikildiyindən, kontingentin tədrislə bağlı imkanlarını artırır.
Bağdagül Rüstəmova- şagird: “Əvvəllər bizim laboratoriya otaqlarımız yox idi. İndi laboratoriya otaqlarımız var. Bütün otaqlardan səmərəli istifadə edə bilirik. Bizim üçün bütün şərait yaradılıbdır. Dərslərimizi də maraqla oxuya bilirik”.
Mansurpaşa Orucov- şagird: “Məcburiyyətdən 18 nömrəli orta məktəbə köçməli olduq. Ora ikinci növbədə gedirdik, bəzi problemlər yaşayırdıq. Bir neçə müddətdən sonra məktəbimiz tikildi. Fizika dərsimiz üçün avadanlıqlarımız var. Çox sevinirik ki, bizə belə gözəl məktəb tikiblər”.
Səidə Tağızadə- 29 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən: “Bizim üçün həqiqətən çox çətin idi. Biz üç il idi ki, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə ikinci növbədə fəaliyyət göstərirdik. Bu da bizim üçün çox çətinliklər yaradırdı. Tədrisimizin keyfiyyətinə də təsir göstərmişdi. Ancaq çox sevinirik ki, çox yüksək səviyyədə məktəbimiz istifadəyə verildi”.
Gəncədə təmirə və yenidən tikilməyə ehtiyacı olan məktəblər hələ də qalmaqdadır. Qarşıdakı müddətdə onların da müasirləşdirilərək müəllimlərin və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Gəncə şəhərində 24 nömrəli tam orta məktəb əsaslı təmir olunur. Əsaslı təmir müddətində məktəbin müəllim və şagird kollektivi Gəncə şəhər Nigar Rəfibəyli adına 43 nömrəli orta məktəbdə tədrisi davam etdirirlər. Məktəb binası digər məktəbə yaxın olduğu üçün seçilmişdir. Müəllim və şagird kollektivi tədrisi ikinci növbədə davam etdirirlər. Hazırda Gəncə şəhərində 19 nömrəli orta məktəbin təmirə ehtiyacı vardır. Növbəti müddətdə həmin məktəbin təmir olunacağı gözlənilir”.
Son 5 ildə Gəncədə 5 məktəb tikilib və ya əsaslı təmir edilib.
Elnur Vahidoğlu
- Baxış: 147