Gəncə və ətraf ərazilərdə çıxarış ala bilməyən evlərin sayı minlərlədir. Hətta sənədsiz evlərin bir qismi sovet dövründə, digər hissəsi 90-cı illərin sonunda, hətta 2000-ci illərdə tikilən fərdi evlərdir. Evlərin sənədləşdirilməsilə bağlı dəfələrlə tapşırıq verilsə də, icra mexanizmi nədənsə yubanır. Bununla belə səndi olmayanlarla yanaşı vaxtı ilə hansısa formada sənəd alanlar da az deyil. Ev sahibləri deyir ki, evlərinə aid bəzi sənədləri olsa da, mülkün gələcək taleyini həll edən əsas sənədi əldə edə bilmirlər.
Əli Hüseynzadə- şəhər sakini: “Bizim aldığımız torpaq, indi içində ev də tikmişik, biz alanda sənədli sayılırdı. Biz bunu özümüzə sənədli torpaq kimi almışıq. Ad, soyad, hər şey qaydasında. Amma indi sənədsiz sayılır. Bunun da sənədini təzədən bərpa etmək üçün hər cür problemlərlə rastlaşırıq. Bələdiyyəyə gedirik, bələdiyyə deyir ki, bu, saxta sənəddir. “ASAN Xidmət”ə gedirik, deyirlər ki, biz bunu qəbul edirik, amma bələdiyyəyə apar ver, torpağınızı cızsınlar. Aparırıq təzədən bələdiyyəyə, deyirlər ki, yox, bu, saxtadır, qəbul etmirik. İndi biz də bilmirik ki, nə edək”.
Rieltorlar bildirir ki, Gəncə şəhərində sənədsiz ev satmaq istəyən bir çox vətəndaş əlacsız qalıb. Almaq istəyən var, ancaq evin sənədsiz olduğunu öyrənəndə artıq fikirlərindən dönməli olurlar.
Fərhad Əhmədov- rieltor: “Gəncədə sənədsiz evlər çoxdur. Sərəncamla verilənlərdir, bağ evləridir. Sənədsiz evlər çoxdur. Müraciət edənlər də çoxdur, sənəd almaq istəyirlər, ala bilmirlər. Satmaq istəyirlər, sata bilmirlər. Yəni sənədi olmayan evi necə satmaq olar? Almaq istəyənlər də var, ancaq sənədsiz yox, sənədini çıxarıb, ondan sonra almaq istəyirlər”.
Ceyhun Muğalov- rieltor: “Gəncə şəhərində kifayət qədər sənədsiz ev var. Yəni n saydadır – sayı-hesabı yoxdur. Satan həddindən artıq çoxdur, amma alan azdır. Onun da səbəbini deyim, gəlirlər, evə baxırlar, bəyənirlər, soruşurlar sənədi qaydasındadırmı? Deyirik, sərəncamdır. Qaçırlar. Hamı çıxarışlı ev istəyir”.
Mütəxəssislər də hesab edirlər ki, bu məsələdə məsuliyyət vətəndaşlardan çox dövlət qurumlarının üzərinə düşür. Çünki vətəndaş sənəd prosesini rəsmiləşdirmək üçün tərəflərdən yalnız biridir.
Məsim İbadov- ekspert: “Sakinlər özləri üçün mütləq dövlət tərəfindən onlara yumşadılmış şərtlərlə lazımdır ki, onlara sənədləşməyə imkan yaradılsın. İlkin sənəd birbaşa idarənin özünə müraciət olunmalıdır. Müraciət olunur, mütəxəssislər gəlir baxır, onun texniki şərtinə, tikintiyə, onun qaydalara uyğunluğuna. Qanunvericiliyin tələblərinə uyğun gəlirsə, o qurumlar onun sənədləşməsini çıxarırlar”.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sözlərinə görə, sənədsiz yaşayış evlərinin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir.
Pərvin Abbaszadə
- Baxış: 148