• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 01.02.2024 12:16

Gəncədə yeni avtobuslar xəttə buraxılıb

KepezTV Player

Avtobus parkı köhnəlmiş nəqliyyat vasitələri hesabına mövcud olan Gəncədə sərnişinlər nəhayət ki, yenilik görə bildi. Bu gündən şəhərin küçələrində yeni avtobuslar hərəkətə başlayıb. Özü də 4 saylı marşrut xətti üzrə. Yeni və müasir avtobuslar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətlərlə aparılan danışıqlar əsasında xəttə buraxılıb.

Müzadil Həsənov- AYNA-nın Gəncə Regional İdarəsinin müdiri: “Gəncə şəhərdaxili ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması, avtobus parkının yenilənməsi, sərnişin məmnunluğuna nail olunması istiqamətində müvafiq tədbirlər görülür. Bildiyiniz kimi, həmin bank kartlarından istifadə etmə qaydaları Bakıda da tətbiq olunub. Ümid edirik ki, burada da daşıyıcı şirkətlər bununla bağlı tədbirlər görəcəklər”.

Bü gündən xəttə çıxan avtobusların sayı 10-dur. Daşıyıcı şirkət tərəfindən isə ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək. Oturacaq sayı 19 olan ortatutumlu nəqliyyat vasitələri, ümumilikdə 58 sərnişin daşımaq imkanına malikdir. Avtobuslar 2018-ci il istehsalıdır və ekoloji təmiz AVRO-6 standartlarına cavab verir.

4 nömrəli avtobus Gəncədə hərəkət qrafikinə görə ən uzun marşruta malikdir. Gülüstan qəsəbəsindən Natavan qəsəbəsinədək 1 hərəkət dövrəsi 13 km təşkil edir. Elə şəhərə gətirilən yeni avtobusların məhz bu xətt üzrə hərəkətə buraxılması sərnişin sıxlığından irəli gəlir.

4 saylı marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir. Odur ki, avtobuslararası interval 6 dəqiqə təşkil edir. Sərnişinləri rahat və təhlükəsiz şəkildə mənzil başına çatdıracaq avtobuslar isitmə və soyutma sistemi ilə də təchiz edilib.

Şəhər sakini: “Fikirlərimiz, lap gözəl. Əgər belə avtobuslar çox sayda olsa, camaat da istədiyi yerə rahat gedib-gələr. Fərqi indi rahatçılıqdır. Əlbəttə, bu gözəldir, cavanlar hamısı razıdır”.

Şəhər sakini: “Həm komfort, həm yenilik, həm genişlik. Bir də ki, sürücünün işləməyindən asılıdır. Əsas məsələlər budur. Razıyıq”.

Şəhər sakini: “Birinci dəfədir minirəm, vallah mən belə avtobus görməmişəm. Oturdum, elə gördüm minməyi rahatdır, oturacaqları rahatdır, hər şeyi yaxşıdır”.

Şəhər sakini: “Bunların həm içi istidir, rahatdır, çox yaxşıdır. Hər şeyi yaxşıdır, düşmək-minmək çox rahatdır”.

Şəhər sakini: “Komfortludur, təzədir. Yəni köhnələrə baxanda yaxşıdır. İsti olur. Biz də tələbəyik. Tez-tez istifadə edirik”.

Gəncədə avtobus parkının təzələnməsi il ərzində davam edəcək. Növbəti mərhələdə Yeni Gəncə və Cavad Xan qəsəbələri arasında hərəkət edən avtobuslar yenisi ilə əvəz olunacaq.

Gündüz Abbasov- “ Azər-Avtonəqliyyat” ASC-nin idarə heyətinin sədri: “18 ədəd Karsan Atak markalı avtobuslar gətirilib. 4 saylı marşruta nəzərdə tutulub, istifadə olunacaq, sərnişinlərə xidmət edəcək. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, 30 adəd də müqavilə bağlanılıbdır. İlin axırına kimi onlar da gətirilib, 20 saylı marşrutun yenilənməsinə nail olmaq istəyirik. Sürücülər hal-hazırda təlimatlandırılıb”.

Gəncədə 32 xətt üzrə gündəlik olaraq təqribən 250 avtobus xəttə çıxır.

Pərvin Abbaszadə