• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 26.01.2024 16:17

30 manat borca görə tanışını öldürdü

KepezTV Player

Dəhşətli qətl hadisəsi bu ərazidə baş verib. Vasif Həsənov yaşadığı evdən çıxaraq, Yaqub Həsənovla bu ərazidə mübahisə edib. İlkin məlumata görə, mübahisə zamanı Yaqub Həsənov bıçaqla Vasif Həsənovu qətlə yetirib. Gəncənin Nəriman Nərimanov prospektində baş verən hadisə zamanı şəhər sakini 1986-cı il təvəllüdlü Vasif Həsənov tanışı 1996-cı il təvəllüdlü Yaqub Həsənov tərəfindən bıçaqlanıb. Hadisəni törədən Yaqub daha sonra hadisə yerindən uzaqlaşıb. Bir bıçaq yarası alan Vasif Həsənovu həyat yoldaşı çölə çıxarkən evinin qarşısında yıxılı vəziyyətdə görüb. Dərhal qonşularının köməkliyi ilə Vasif Həsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uzun müddətdir kirayə mağar verən tanışlardan Yaqubun Vasifə 30 manat borcu olub.

Rüstəm Həsənov- mərhumun qardaşı: “On illərlə qardaşım ona çörək verib. 30 manatdan ötrü gəlib, mənim qardaşımı öldürüb. Borcun var, verərsən. Borcu verməyin dərdindən adam öldürürlər?!”

Mərhumun yaxınlarının sözlərinə görə, hadisəni törədən şəxsin tək Vasifə yox, bir çox adama borcu olub.

Anar Babayev- mərhumun bibisi oğlu: “Yaqubun ömrü boyu dayım oğluna borcu olub. Onun tək ona yox, bütün hamıya verəcəyi olub. 30 manat haqq-hesabında dirəşib ki, mağar mənim deyil, yeznəmgilin mağarıdır, verməliyəm, 30 manatı ver. Yanındakılara deyib ki, gedirəm vurmağa. Onlar da zəng edib deyiblər ki, çölə çıxma. Bu da bilməyib ki, onu vurar. Onunla bu bacara bilməzdi. Mən bilirəm ki, o nədir, bu nədir. Ancaq bıçağa nə edəsən? Adam var 12 bıçaq vurursan heç nə olmur, ancaq bu, bir bıçağa getdi”.

Fərid Camalov- mərhumun qonşusu: “Çox yaxşı insan idi. Biz onunla 7-8 ildir bir-birimizi tanıyırıq”.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncənin Qırmızı kənd qəsəbəsində yaşıyan Yaqub Həsənov isti izlərlə saxlanılaraq, istintaqa təhvil verilib.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Hadisə ilə bağlı Gəncə Baş Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları həmin ünvana gəlib. Müvafiq araşdırmalar həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib”.

Vasif Həsənovun 4 azyaşlı övladı var.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Elnur Vahidoğlu