Ötən gündən başlayaraq, ucqar dağ rayonu olan Göygölə də güclü qar yağır. Qar hələ də davam edir. Verilən məlumata görə, rayonun ucqar dağ kəndlərinə təxminən 15-20 sm qar yağıb.
Hər tərəf ağ örpəyə bürünüb. Qar yağışı Göygöl rayonunun ucqar dağ kəndlərində gözəl mənzərə yaradıb.
Qarlı hava baxımlı mənzərə yaratmaqla yanaşı, bəzi çətinliklərə də yol açıb. Güclü qar, eləcə də havanın dumanlı olması, avtomobillərin hərəkətində çətinliklər yaradıb. Nəqliyyat vasitələrini idarə edən sürücülər dağ kəndlərinə getməkdə çətinliklər yaşayıb. Odur ki, bəzi sürücülər elə yarı yoldan qayıtmaq məcburiyyətində olublar.
Ələkbər Cabbarov- sürücü: “Çaykənd istiqamətinə getmək istəyirdik. Yollar əlverişli olmadığı üçün gedə bilmədik, buradan geri qayıdırıq. Sürücülərə tövsiyəm odur ki, getmək məsləhət deyil, qar, buzdur”.
Vaqif İsmayılov- sürücü: “Ehtiyatlı olsunlar, diqqətli olsunlar. Qardır, buzdur, maşın sürüşür. Baxırsan ki, nəyəsə dəyir. Qışa hazır olmayan maşın yola çıxmasın”.
Qurban Quluyev- sakin: “Hacıkənddən gəlirik. Amma yuxarılar çox buzdur. Sürücülərin yuxarı getməsini tövsiyə etmirəm. Yollar buzdur, böyük hadisələr baş verə bilər”.
Təbriz Quluyev- sakin: “Çaykənd, Yenizod, Toğanaya çox qar yağıb. Məsləhət görürəm ki, ehtiyatlı olsunlar”.
Yaranan çətinliyi aradan qaldırmaq üçün 20 nömrəli Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətin işçiləri səfərbər olublar. İki gün ərzində Gəncə-Kəlbəcər-Laçın yoluna 60 kub qum, 12 ton duz tökülüb. Yolları qardan təmizləmək üçün texnika və canlı qüvvə cəlb olunub.
Güclü qar qərb bölgəsinin ucqar dağ rayonu olan Daşkəsənə daha çox yağıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, rayonun ən çox Dəstəfur, Alaxançallı, eləcə də Çanaqçı kəndlərinə daha çox qar yağıb. Belə ki, qarın hündürlüyü həmin kəndlərdə təxminən 50-60 santimetrdir.
Daşkəsənə yağan qar səhər saatlarından daha da çox güclənib. Rayonun ucqar dağ kəndlərinə gedən yollarda problemlər yaransa da, çətinliyin aradan qaldırılması istiqamətində işlər aparılır. Dağ kəndləri ilə rayon mərkəzinə gediş-gəlişdəki maneələr aradan qaldırılır.
Yolçu Namazov- sürücü: “Mən sürücülərə məsləhət edərəm ki, kapron təkərdən istifadə etməsinlər, rezin təkərdən, sepdən istifadə eləsinlər. Daşkəsənin yolları çox təhlükəli qardır”.
Taleh Həsənov- sürücü: “Çətinliklə düşdük. Yollar təhlükəlidir. Məsləhət odur ki, qış şinlərindən istifadə eləsinlər. Lazımi tədbirləri görsünlər”.
Etibar Həsənov- sürücü: “Yollar qar və buzdur. Amma onu da demək olar ki, yol idarəmiz işləyir. Yolu duzlayırlar, yaxşıdır. Əgər işləri yoxdursa, maşınla çıxmalarını məsləhət görmürəm”.
Zülfü Mayılov- sakin: “Belə havalarda yollardan az istifadə eləsinlər. Sürətli sürməsinlər. Ehtiyatlı olsunlar”.
Qar Gədəbəy-Şəmkir yolunun Yasamal aşırımı adlanan hissəsində də nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Yolun qardan təmizlənməsi üçün işlər həyata keçirilib. Sürücülərin rahat şəkildə mənzil başına gedib çatması üçün işlər görülüb.
Elşən Namazov- sürücü: “Gədəbəydən Şəmkirə gəlirik. Yolların vəziyyəti çox yaxşıdır. Təmizləyib, qumlayıblar, qəşəngdir”.
Şahin Ələkbərov- sürücü: “Şəmkirdə yaşayıram. Yollar yaxşıdır - təmizləyirlər. Buzdur, amma təmizləyirlər”.
Hidrometeoroloqların məlumatına görə, yaxın müddətdə qərb bölgəsinə qarın yağması dayansa da, şaxtalı hava hələ bir neçə gün davam edəcək.
Gülşad Məmmədova- Proqnozlar Bürosunun direktoru: “Axşam 3 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yanvarın 25-26-da sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, günorta saatlarında 0-5 dərəcə isti olacaqdır. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların gecə və səhər saatlarında buz bağlama ehtimalı var”.
Görünən odur ki, hələ bir neçə gün də qərb bölgəsində əlverişsiz hava şəraiti müşahidə olunacaq. Odur ki, sükan arxasında olanlar ehtiyatı əldən verməsinlər.
Elnur Vahidoğlu
- Baxış: 168