• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 21.01.2024 19:52

Peşə məktəbində ikili təhsil proqramı icra edilir

KepezTV Player

İkili peşə təhsili modeli bütün dünyada qəbul edilən bir sistemdir. Son bir neçə ildir ki, ölkəmizdə fəaliyyət göstərən peşə məktəblərində də bu istiqamətdə işlər görülür. Göygöl Peşə Məktəbində cari ildə ilk dəfə bu sistem tətbiq olunur.

İkili təhsil proqramı Göygöl Peşə Məktəbinin 2 ixtisası üzrə yerinə yetirilir. Bu, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi xəzinədar və bitkiçilik mütəxəssisi qruplarıdır. Tələbələr təhsil dövründə nəzəri biliklərlə yanaşı, işəgötürən müəsissələrdə praktik bacarıqlara da yiyələnirlər. Ümumilikdə 35 tələbə rayonda fəaliyyət göstərən mağaza və Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzindəki laboratoriyada həftədə 3 dəfə təcrübədə olurlar. 

Nigar Quliyeva- tələbə: “Burada kassa ilə bağlı, tərəzidə çəkini və malların düzülüş qaydalarını öyrənirik. Biz burada təcrübədə olarkən faydalı şeylər öyrənirik. Bu, gələcəyimiz üçün də çox faydalıdır. Öyrəndiklərimizi gələcəkdə iş zamanı da tətbiq edə bilərik”.

Zamiq Qasımov- tələbə: “Biz kənd təsərrüfatı üzrə bilik və bacarıqlarımızı artırırıq. Mütəxəssislərdən isə təcrübə qazanırıq. İnanıram ki, bu ixtisas bizə gələcəkdə mütəxəssis kimi yetişməmizdə kömək olacaq”.

Tələbələrin yetəri təcrübəyə sahib olmalarında praktik bacarıqların aşılanması mühüm sayılır. Bu, həm də gələcək kadr təminatı baxımından əhəmiyyət daşıyır.

Eldar Həbibov- AXA-nın Göygöl Regional Mərkəzinin direktor əvəzi: “Göygöl Peşə Məktəbində dual proqram tətbiq olunur. Buna görə biz Göygöl Regional Mərkəzi olaraq onlarla əməkdaşlıq edirik. Məktəbin tələbələrinin bitkiçilik sahəsində biliklərini artırmaq üçün biz də əlimizdən gələn qədər kömək edirik. İnanırıq ki, onların gələcəkdə bir mütəxəssis kimi yetişməsində köməyimiz dəyəcək”.

Tətbiq edilən proqram tələbələrin gələcəkdə işlə təmin olunmaları üçün də imkan yaradır. 

Reyhan Hacıyeva- istehsalat təlimi ustası: “Tələbələrimizin keçdiyi təcrübənin onların gələcək həyatında çox böyük əhəmiyyəti olur. Çünki tələbələrimiz bu təcrübələrdən istifadə edərək, gələcəkdə işlə təmin olunduqları yerlərdə ixtisaslı kadrlar olurlar. Təhsil müddətində tələbələrimiz işlə də təmin oluna bilirlər. Bunun sayəsində də qazanc əldə edirlər. Məktəbimizi bitirdikdən sonra müəyyən sahələrdə onlara ehtiyac olur. Bu kadrlara ehtiyac olduğu üçün işlə təmin olunurlar”.

Bitkiçilik mütəxəssisi ixtisası üzrə ikili təhsil respublikada ilk dəfə olaraq Göygöl Peşə Məktəbində tətbiq olunur. Bu ixtisas üzrə 1 illik təhsil müddətinin sonunda tələbələr həm də “Aqrar inkişaf könüllüsü” sertifikatı da əldə edir. 

Orxan Cəfərzadə