SSRİ dönəmində Gəncə hərbi şəhər elan olunmuşdu. Buna görə heç bir əcnəbi qonaq Nizami yurduna buraxılmırdı. Qapalı şəhər olduğu üçün Gəncə və ətraf ərazilərdə 1990-cı illərin əvvəlindən başlayaraq qırğınlar törətmək üçün rus ordusu tərəfindən cəhdlər göstərilirdi. 20 yanvar hadisəsindən əvvəl deyilənlərə görə, 8 min nəfərə yaxın rus əsgəri hava yolu vasitəsilə Gəncəyə gətirilib və şəhərə hücum üçün hazır vəziyyətdə gözləyiblər. Bundan xəbər tutanlar isə qətliamın qarşısını almaq üçün müəyyən tədbirlər görüblər.
Xəqani Cəfərov- müharibə veteranı: "Məlumatlarda əsas göstərilirdi ki, artıq Gəncədə erməni yoxdur. Rus ailələrinə təxribat edəcəklər ki, bəhanə edib həmin hava limanında olan əsgərlər Gəncəyə girsinlər. Əgər Gəncəyə girsəydilər böyük miqyasda qırğın olacaqdı. Ona görə ki, burada heç bir xarici nümayəndəlik yox idi və buradakı qətliamlar Bakıdakından böyük olacaqdı. Bu hadisələrin xəbəri dünyaya az çıxacaqdı. Bunun qarşısını almaq üçün biz növbətçiliklə rus və qeyri-azərbaycan millətinin yaşadığı binaların qarşısına yığılırdıq, hava limanı yoluna yığılırdıq".
Rus ordusunun Gəncəyə soxulmasının qarşısı qismən alınsa da, onlar təkidlə şəhərə girmək istəyiblər. Bu zaman isə...
Xəqani Cəfərov- müharibə veteranı: "...Hava limanından bunların çıxmasının qarşısına ağsaqqallar şurasının sədri ilə, o vaxt şəhərin birinci katibi var idi - Süleyman Məmmədov çıxdı. Onlar tələb etdilər, komandirlərlə görüşdülər və komandir dedi ki, biz şəhərə girməliyik. Bu iki ağsaqqal dedi ki, bizim yaşımız keçib, siz əgər bu şəhərə girirsinizsə, biz o gənclərin ölümünü görmək istəmirik, o tanklarla bizi ayaqlayıb, şəhərə girəcəksiniz. Bundan sonra sakitlik yarandı".
20 Yanvar hadisəsi törədilən gün isə 2 eşalon silah-sursat, texnika dolu qatar Gəncədəki piyadaları silahlandırmaq üçün göndərilir. Bu haqda informasiya alan o vaxtkı Gəncə Dəmiryolu stansiyasının iqtisadi cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi Gəncə şəhər veteranlar təşkilatının sədri olan Yusif Məmmədov Ucara gedərək vaqonların hərəkətinin qarşısını alıb.
Yusif Məmmədov- Gəncə şəhər Veteranlar Təşkilatının sədri: "Gördüm ki, bu eşalonun sənədlərinə yazılıb ki, "stansiya Kirovabad". Mən həmin an bildim ki, stansiya Kirovabadda hərbi yükün boşalması və dolması yoxdur. Orada Ucarın da müavini varıydı, mən də ona dedim, o da mənə kömək elədi, əhali relslərin üstündə oturdu və qatarları hərəkət etməyə qoymadılar. 26-74 nömrəli qatarı mən orada açdırdım, yan yol verdirdim. Açdırdıqdan sonra Süleyman Məmmədova bura zəng elədim ki, qatarlar yan yola verilib, yan yol veriləndən sonra Gəncədəki rus əsgərlər geri göndərildilər".
Bununla da 20 yanvar hadisəsinin təkrarlanmasının qarşısı alınıb. Hansı ki, Bakıda baş verən faciənin azadlıq hərəkatında tarixi əhəmiyyəti böyükdür.
Cavid Bağırzadə- tarixçi: "20 Yanvar hadisələri 1988-ci ildən Azərbaycanda başlanmış olan milli azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq eşqinin qarşısını almaq cəhdi idi. Sadəcə olaraq cəhd idi, çünki onlar buna tamamilə nail ola bilmədilər və xalqımız özünün azadlığına qovuşdu. Eyni zamanda 20 Yanvar hadisələri Sovet İttifaqının sütunlarının dağılmasına gətirib çıxardı. Bütövlükdə SSRİ kimi bir qüdrətli dövlətin çökməsini, tənəzzülü prosesini sürətləndirdi və nöqtələndirdi. Bu mənada 20 Yanvar hadisələrinin çox böyük tarixi əhəmiyyəti var".
Ölkənin ikinci böyük şəhəri həmin dövrdə olduğu kimi, Vətən müharibəsi zamanı da əsas hədəfə çevrilmişdi. Amma Cavadxan yurdu zəfərə gedən yolda da düşmənə qəhrəmancasına sinə gərdi.
Orxan Cəfərzadə
- Baxış: 193