• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 19.01.2024 15:26

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə iştirak və çıxış edib. 2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən Ceyhun Bayramov qeyd edib ki, Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılması, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımlar hərakatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb. Qoşulmama Hərakatının sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib.

Ceyhun Bayramov Uqanda Prezidenti və Maldiv xarici işlər naziri ilə görüşüb

 Ceyhun Bayramov Uqanda prezidenti Yoveri Kaquta Museveni ilə də görüşüb. Görüşdə həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb.

Xarici işlər naziri Ceyhun Bayramov Kampala şəhərində Maldivin xarici işlər naziri Musa Zameer ilə də görüşüb. Bu il ölkəmizdə keçiriləcək COP29-un ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb.