• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 18.01.2024 19:56

Qadağan olunan avtomobil idxalının bazara təsiri

KepezTV Player

Avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin ötənilki qərarına əsasən həyata keçirilir. Yəni istehsal ili 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsindəki qadağa yol-nəqliyyat hadisələrinin azalması ilə insanların həyat və sağlamlığının qorunmasına hədəflənib. Eyni zamanda ekoloji vəziyyətin yaxşılaşdırılması da diqqətə alınıb. 

Ərşad Hüseynov- nəqliyyat eksperti: “Əlavə olaraq belə köhnə avtomobillərdə mümkün yol nəqliyyat hadisələrində həm sürücü, həm sərnişin sağlamlığına zərərdəymə ehtimalı daha yüksəkdir. Ola bilsin, bu, avtomobil bazarına da təsir edəcək. Təsir də ondan ibarət olacaq ki, bir halda ki, yaşı 10-dan artıq olan avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyulur, deməli daxili bazarda belə avtomobillərə tələbat arta bilər və tələbat artanda da bir qayda olaraq qiymətlərin qalxmasına da təsir göstərir”.

Ekspert deyir ki, idxala qoyulan məhdudiyyətlər artıq yerli bazara da öz təsirini göstərib. Qiymətlərdə hissolunacaq qədər dəyişikliklər var. Alıcılar bunun bəzi avtomobil markalarında və modellərində 2-3 minə kimi artdığını deyir. Bu da maşın bazarına üz tutanların əliboş qayıtmalarına əsas verir.

Nurlan Tağıyev- alıcı: “Maşın bazarına getdik, “Opel” markalı maşınlarla maraqlandıq. Çox bahadır - 12 min. Ən ucuz maşın 10-11 mindir. Xaricdən gəlmə maşınlar da bahadır. Əvvələ baxanda çox fərq var”.

Şahlar Abbasov- alıcı: “”VAZ” maşını ilə maraqlandıq. Bahalaşma var. Nə ilə bağlıdır bunu bilmirik. Əvvəllər məsələn, “VAZ 2107”-ni alırdıq 6 minə. İndi hardasa 1000 manat, 800 manat bahalaşma var. Amma vaxtilə çox adam xaricdən gələn maşınlara üstünlük verirdi. Amma bugünkü gün yoxdur. Çünki yerli bazarda da eyni olduğu üçün, vətəndaşların hamısı öz bazarımızdan alır”.

Avtomobillərdə olan artımın əsas səbəbi kimi idxal zamanı köhnə maşınlardan alınan utilizasiya rüsumudur.

Faiq Hüseynov- satıcı: “Xaricdən maşın gətiririk. Amma bu yeni qanundan - 10 il söhbətindən sonra bizə sərf eləmir. Çünki ili təzə maşınların qiyməti bahadır və onları da gətirəndə çox pula gəlib çıxır. Əvvəllər ili köhnə maşın gətirirdik. Və onu satanda 3-4 min pul qalırdı. Amma indi çox az pul qalır deyə, bu işdə artıq sərf eləmir”.

Amin İsgəndərov- satıcı: “Əvvəllər, məhdudiyyətlər olmadan əvvəl 2005-2006-cı il maşınlar gətirirdik. Xeyir edirdi. Ancaq bu il məsələsi olandan sonra artıq xaricdən gətirmək xeyir eləmir. Burdakı qiymətlərlə eyni olur. Bu, bizim üçün ziyan oldu”.

Azərbaycanda minik avtomobillərinin yaş strukturu 2 ilə qədər olanlar 2 %, 2 ildən 5 ilə qədər olanlar 3 %, 5 ildən 10 ilə qədər olanlar 11,9 %, yaşı 10 ildən artıq olan minik avtomobilləri isə 80%- dən çoxdur. Hesab edilir ki, belə məhdudiyyətin tətbiqi həm də ölkədə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq. Bu sahədə ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Aişə Rzayeva