Hüquqi şəxslərin torpaq vergisi bəyannaməsini təqdim etməsi müddəti dəyişdirilərək hesabat ilindən sonrakı il yanvar ayının 31-dək müəyyən olunub. Bu, Vergi Məcəlləsində edilən dəyişikliklərdə öz əksini tapıb. Torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliyə görə, müəssisələr tərəfindən torpaq vergisi üzrə hər cari vergi ödənişinin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edəcək. Həmçinin yeni qaydalara görə, vergi məbləğinin hesablanması bu torpaq sahəsinin ödəyicinin istifadəsində olduğu ayların sayına mütənasib olaraq aparılacaq.
Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayev : Təcrübədə fiziki şəxslər və müəssisələr tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilin müxtəlif aylarında icarəyə və ya digər əsaslarla istifadəyə götürülür və ya ondan icarə və istifadəyə xitam verilir. Bu halda torpaq sahəsi həmin şəxslərin istifadəsində tam il ərzində deyil, ilin müəyyən bir hissəsində olsa da, torpaq vergisi illik olaraq müəyyənləşdirildiyindən vergi tam şəkildə ödənilməli idi. Belə halların tənzimlənməsi məqsədilə, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətindəki torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin ödəyicinin mülkiyyətində və ya istifadəsində olduğu ayların sayına mütənasib olaraq aparılacaq.
- Baxış: 94