• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 15.01.2024 10:20

Dünyagörüşlü olmaq müasir gənclər üçün nə qədər vacibdir?

Dünyagörüşü bir şəxsin həyat perspektivini, mədəni dəyərlərini, fərdi və sosial inanclarını şəkilləndirən bir konseptdir. Bu ifadə  fərqli mənbələr, təcrübələr və təsirlər tərəfindən formalaşa bilər. İnsanın dünyagörüşü onun baxış bucağını, qərarlarını, dəyərlərini və həyat məqsədlərini təyin edir. Dünyagörüşü müxtəlif sahələrdə təsir qazanır. Bu, mədəni və mənəvi inanclarla yanaşı fəlsəfi, etnik, ictimai və siyasi fəaliyyətləri də əhatə edir. İnsanın dünyagörüşü onun həyat təcrübəsi, təhsili, ailəsi, məkanı və tarixi ilə birləşərək formalaşır. İnsanın özündə hiss etdiyi məqsədi, həyatdakı düşüncələri, seçimləri  özündə bütünlüklə əks etdirir.

Bəxtiyar Məhərrəmov- GDU-nun "Tarix" kafedrasının baş müəllimi: “Dünyagörüşü bir gənc üçün vacibdir. Dünyagörüşü qazanmaq üçün birinci növbədə öz üzərimizdə işləməliyik. Məqsədyönlü çalışmalı, mütaliə etməli, tədbirlərdə iştirak edib, səyahətə çıxmalıyıq. Bütün bu məqamlar gənclərin baxış  bucağına təsir edir”.

Fərqli dünyagörüşlər insanlara müxtəlif münasibətlər qurmaq üçün şərait yaradır. Dünyagörüşlü olmaq insanlara bir sıra faydalar təmin edir. Misal üçün qeyd edə bilərik ki, məsələlərə daha geniş yanaşa bilirlər, problemlərin həllinə daha yaradıcı baxırlar və öz fikirlərini hər situasiyada müstəqil şəkildə ifadə edə bilirlər. Bu faydalar isə insanlara daha zəngin və anlayışlı bir həyat təcrübəsi təmin edir.

Şahin Rzayev- araşdırmanı sevən gənc: “Dünyagörüşlü olan insan hər anda, situasiyada çıxış yolunu tapmaqda, məsələlərə doğru istiqamətdə yanaşmaqda  çətinlik çəkmir. Və digər insanlardan qərar qəbul etmək cəhətdən bariz fərqlənirlər. Müxtəlif dünyagörüşlərə sahib olmaq başqa fikirlərə və həyat tərzlərinə qarşı daha tolerant və hörmətli olmağa səbəb ola bilər. Və bu cür insanların analiz qabiliyyəti daha yaxşıdır”.

Yalnız dünyagörüşü ilə həyatda baş verən hər hadisədən doğru nəticə çıxarıb, düzgün qərarlar verə bilərik. Çünki o, həyatı gördüyümüz rəng və ya da rənglərdir. Onsuz dünya isə rəngsiz, solğun və anlamsız olardı. Odur ki, öyrənməkdən və kəşf etməkdən heç yorulmayaq.

Fidan Qədimova