İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq seçkilər keçiriləcək və bu, Azərbaycan üçün tarixi hadisədir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, azad edilən ərazilərdə də 26 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələr nümunə olacaq səviyyədə qurulub və müvafiq seçki ləvazimatları ilə təchiz edilib.
Məzahir Pənahov- Mərkəzi Seçki Komissiyasının sədri: “Həm kabinələr, qutular, stol-stullar, sonra müşahidəçilərin əyləşməsi üçün bütün şərait yaratmışıq, çox yüksək səviyyədə və məmnuniyyətlə də deyə bilərdim ki, orada da müşahidə aparmaq azaddır və biz çalışacağıq ki, beynəlxalq qurumlar oraya hökmən müşahidəyə getsinlər, öz gözləri ilə o proseslə tanış olsunlar”.
Audiovizual Şura seçkiqabağı təşviqat dövründə monitorinqlər həyata keçirəcək. Şuranın sədri İsmət Səttarov bildirib ki, seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Özəl yayımçılar isə bu məsələdə sərbəstdirlər. Onlar seçkibaqağı təbliğat materiallarının yayımlanmasına məcbur edilə bilməzlər. Bundan əlavə yayım şərtləri bütün namizədlər üçün eyni olmalıdır.
İsmət Səttarov- Audiovizual Şuranın sədri: “Ümumi olaraq 3 saat yarım, yaxud 210 dəqiqə ödənişli efir vaxtı ayrılıbsa, söhbət İctimai televiziyadan və radiosundan gedir və ümumi 7 namizəd varsa, hər namizəd ödənişli olaraq 30 dəqiqədən istifadə edə bilər. Özəl yayımçılara gəldikdə, özəl yayımçılar isə bu məsələdə sərbəstdirlər və seçkiqabağı ödənişli təşviqat prosesində iştirak etmək istəklərini MSK-ya bildirməlidirlər”.
Ümumilikdə seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və 24 saat qalmış dayandırılır. Dövlətə məxsus olan yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Təşviqat qaydalarının pozulması halında audiovizual yayımçıların, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə hüquq mühafizə orqanlarına, məhkəməyə və Audiovizual Şuraya müraciət etmək hüququ var. O da bildirilib ki, xarici Kütləvi İnformasiya Vasitələri, QHT-lər, kapitalının 30%-i xarici şirkətə məxsus olan Azərbaycandakı qurumlar da təşviqatla məşğul ola bilməz. Eyni zamanda təşviqat aparanlar və mətbuat orqanları ilə bağlı da məhdudiyyətlər var. Belə ki, 18 yaşına çatmamış vətəndaşlar təşviqatla məşğul ola bilməzlər. Seçki günü Mətbuat Şurasında qaynar xəttin yaradılması, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparması bu seçkilərdə də davam etdiriləcək.
Vüsalə Cənnətova
- Baxış: 76