Əsasən dağlıq-meşəlik sahələri əhatə edən istirahət məkanında müəyyən ərazilərdə xizəkçilik üçün imkanlar var. Xüsusən də bəzi ekoturizm marşrutları olan yerlərdə. Yay dövründə olduğu kimi, qış mövsümündə də parkda əyləncəli və xoş vaxt keçirmək istəyənlərə yeni imkanlar yaratmaq qarşıya məqsəd qoyulub.
Fuad Quliyev- Göygöl Milli Parkının direktoru: “Bizim gələcək planlarımızdan biri də Göygöl Milli Parkında, xüsusilə qış mövsümündə xizəkçiliyi inkişaf etdirməkdir. Və bizim gələcək planlarımıza bu daxildir. Biz öncədən müəyyən edilmiş yerlərdə, müəyyən xətlər üzrə planlayırıq. İnşallah, bu turizm istiqamətləri üzrə də turistlərimizə xidmət göstərəcəyik”.
İlkin variantda qış turizmi üçün ən sadə məşğuliyyət növlərinin yaradılması planlaşdırılır. Onların hansılar olduğuna gəlincə...
Fuad Quliyev- Göygöl Milli Parkının direktoru: “Həm xizəklə, həm də kirşə ilə qar üzərində sürüşüb gəzmək üçün müəyyən yerlər nəzərdə tutulur. Açıq ərazilərdə biz bununla bağlı işlər aparacağıq. Marşrutlar üzrə 500, 1000 metr və sair yerlər müəyyənləşdirəcəyik və gələcəkdə sizinlə bərabər turistlərin istifadə edəcəyi xizəkçiliyi birgə izləyərik”.
Qərb regionunda qış turizmi az inkişaf edən sahədir. Göygöl Milli parkında isə xizəkçilik yaradılacağı təqdirdə, bu, bölgə üçün bir ilk olacaq.
Orxan Cəfərzadə
- Baxış: 148