• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 24.06.2024 19:12

Virtual qazanılan pul, yoxsa tələ?

KepezTV Player

Son zamanlar "Telegram" üzərindən oynanılan "Hamster Kombat" oyunu dünyaya sürətlə yayılıb. Bəzi vətəndaşlar bu oyunu dələduzluqla əlaqələndirsə də, oyuna maraq göstərənlərin sayı artmaqdadır. Bunun nədən qaynaqlandığını araşdırmışıq. 

"Hamster Kombat", minimalist bir dizaynda və yüksək səviyyəli tərəqqi alqoritmləri ilə təchiz olunub. Oyunun məqsədi çox sadədir: istifadəçilər, ekrandakı bir xamyakı tətikləyərək virtual pul qazanmağa çalışır. Hər bir xamyak tətikləməsi, istifadəçiyə müəyyən miqdarda virtual valyuta verir. Oyun, bu sadə əməliyyat ilə istifadəçilər üçün cəlbedici hala gələrək, daha çox iştirakçı kütləsi toplayır.

Şəhər sakini: “Əslində, doğru da ola bilər, həm də olmaya bilər, çünki onun reklam olunmağından, məbləğindən asılıdır. Əslində, çox adam istifadə edir deyə, inanmıram ki, o qədər pul verələr. Çünki sadəcə reklam xarakterlidir. Məncə birjaya çıxandan sonra unudulacaq”.

Şəhər sakini: “Məni də dostlarım yönləndirib ki, sən də oyna, pul qazan. Əvvəlcə beynimə batdı, sonra gördüm ki, axırı yoxdur. Məntiqli bir şey görmədim. Onların o qədər çox pulu yoxdur ki, bizə paylaya! Telefonu klikləməklə olası bir şey deyil. Dostlarım da deyir ki, satışa çıxacaq, satacaqsınız, xeyir götürəcəksiniz. Belə şeylərə inanmaq lazım deyil”.

Şəhər sakini: “Şəxsləri müəyyən bir məbləğ şərtində şirnikdirirlər. Həm vaxtımızı alırlar, həm dəyərli vəsaitlərimizi itirə bilərik. Ümumi klikliyərək, orda bəzi reklamlar ondan faiz götürür. Wi-fi və provayder şirkətləri də bunlarla müqavilə bağlayıb, vəsait götürürlər. Burda birtərəfli vəsait deyil, ümumi vəsait götürən çoxdur”.

Şəhər sakini: “"Hamster Kombat"dır koinin adı. Gündə 3 saatdan bir müəyyən qədər pul verir. Mən özüm də istifadə edirəm. Pul qayıda bilər, amma yüksək məbləğdə qayıtmayacaq. Məsələn, məndə 100 milyon koin varsa, o maksimum 5 dollar gələcək”.

Şəhər sakini: “Mən də bu proqramın istifadəçisiyəm. Bu proqramda kliklədikcə saat başı qazanc artır və  artdıqca da valyuta proqramında bitkoin olaraq çevriləcək. Buna heç bir inamım yoxdur. Hamı istifadə edir deyə, mən də istifadə edirəm. Söhbətdir düşüb ortaya, deyirlər ki, bəlkə bitkoin olaraq geri dönəcək”.

“Hamster Kombat” sosial şəbəkələrdə dəstəklənir və milyonlarla abunəçisi var. Yaradıcılardan, kriptobirjalarda bu virtual pulların yerləşdirilməsi planlaşdırılır, lakin dəqiq tarixlər hələ məlum deyil. Bəs insanlara verilən bu vəd nə dərəcədə həqiqəti əks etdirir?

Sadiq Xudaverdiyev- mütəxəssis: “Çox az müddətdə 100 milyonun üzərində istifadəçi yığdı. Azərbaycanda da istifadəçisi çoxdur. Bir çox həvəskarları var. Baxmayaraq ki, vəd verirlər- birjaya çıxandan sonra qazanc olacaq və s. amma bilinmir. Ola bilsin ki, birjadan sonra qiymətlər həqiqətən əziyyətə dəyən olar və ya əziyyətimiz boşa çıxar. Çox adam elə bilir ki, orda sadəcə ekrana toxunmaqla pul qazanacam, elə şey yoxdur. Birjaya çıxdıqdan sonra əgər insanın kriptovalyutadan anlayışı yoxdursa, bu yolla pul qazanmaq mümkünsüzdür”.

"Hamster Kombat" oyununun arxasında heç bir şəxsiyyət və ya komanda haqqında məlumat yoxdur. Oyunun yaradıcısı və ya hazırlayıcısı barədə də  məlumat əldə etmək mümkün deyil. Qısaca, ölkəmizdə də populyarlaşan bu oyunun sonda istifadəçilərinə qazanc verəcəyi naməlumdur. Kriptovalyuta isə heç bir şəxsi məlumat və ya bank kartları tələb etmədiyindən təhlükəsiz hesab edilir. Sadəcə sonda bu oyun insanlara verdiyi vədi yerinə yetirə bilməsə itirilən istifadəçilərin bu oyuna sərf etdikləri vaxt olacaq. Hansı ki, daha faydalı istiqamətə yönəldilə bilər. 

Pərvin Abbaszadə