• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 11.12.2023 20:03

Şəddadilər dövlətinin yadigarı olduğu deyilən qala

KepezTV Player

Dəniz səviyyəsindən 1200-1300 metr yüksəlikdə yerləşən qalaya getmək elə də asan deyil. Çəkiliş qrupumuz və bizi müşayiət edən bələdçi ilə birlikdə yolun Balçılı kəndindən 5 km-dən çox məsafəni yolsuzluq avtomobilləri ilə qət etməli olduq. Daha sonra isə 1.5 km piyada hərəkət etdikdən sonra nəhayət ki, abidəyə çatdıq.

Dağların qoynunda yerləşən, əzəməti ilə seçilən Balçılı və ya Qız qalası erkən orta əsrlərdə müdafiə məqsədilə tikilib. Abidə ətraf rayonlara düşmən hücumu zamanı nəzarət etmək üçün mühüm rol oynayıb.

Bunu, qalanın 4 bir tərəfində qaya daşları və çiy kərpicdən tikilən gözətçi məntəqələrindən də görmək mümkündür. Unikallığı ilə insanı heyrətləndirən memarlıq abidəsi 3 yarusludur. Tikintidə qayanın özündən və yerli materiallardan istifadə olunub. Ayrı-ayrı istiqamətlərdən girişi olan abidənin ancaq zaman keçdikcə müəyyən hissələri aşınaraq dağılıb. Qız qalası ona görə deyilib ki, düşmənlər üçün bura alınmaz hesab edilib. 50 hektarlıq ərazini əhatə edən kompleksin tarixi təxmini bilinir və tikili ətraflı tədqiq olunacağı təqdirdə yeni məlumatların üzə çıxması şübhəsizdir.

Bəxtiyar Məhərrəmov- tarixçi: “Burada tədqiqata böyük ehtiyac var, həm də bura gözəl mədəniyyət abidəsidir. Bu qalanın memarlığının Azərbaycanda ancaq bir-iki yerdə analoqu ola bilər. Hesab edirəm ki, yaşayış məntəqəsi kimi burada qazıntı aparılsa, buradakı abidələr 150-200 hektara yaxın yayılacaq. Çünki burada qəbir yerləri var, ehtimal edirəm ki, müəyyən yerlərdə silahlar çıxacaq, bəzək əşyaları aşkarlanacaq. Ola bilsin ki, əhali müəyyən təsərrüfat malları basdırıblar ki qorunsunlar, anbarlar çıxa bilər. Yəni burada fundamental qazıntı işləri aparılmalıdır”.

Əraziyə baxış keçirilərkən ehtimal olunur ki, Balçılı qalası 11-12 əsrlərdə inşa edilib. Bu da onu deməyə əsas verir ki, abidə, Şəddadilər dövləti ərazidə mövcud olarkən qurulub.

Bəxtiyar Məhərrəmov- tarixçi: “Buranın tikintisi, simvolikalar da onu göstərir ki, bu qala 10-cu əsrin sonu, 11-ci əsrin əvvəllərində Oğuzların bu ərazidəki fəaliyyəti, Şəddadilərin apardığı müharibələrin dövrünə düşür. O zamankı dövrdə gürcülərlə, ermənilərlə gərgin mübarizə aparırdılar və belə qalaların tikilməsi vacib idi. Çünki əhalini təcili qoruma lazım olurdu. Qarətlər, qətllər olurdu. Xüsusilə də, bu Gəncə, Göygöl əraziləri hücuma məruz qalan yerlər idi. Əksər hücum marşrutları da buradan keçirdi. Hələ ehtimal ki, bu ərazilərdə dərindən araşdırılma aparılsa, bir neçə qala aşkar ediləcək”.

Qalanın içərisindən və ətrafından üzərində müəyyən təsvirlər olan saxsı qablar və digər əşyalar aşkarlanıb. Bu da onu sübut edir ki, burada yaşayan insanlar sənətkarlıqla məşğul olublar. Bundan başqa tarixi abidə və yaxın ərazidə turizm üçün geniş imkanlar mövcuddur.

Fəxri Hüseynov- kənd sakini: “Bu yer turizm üçün çox əlverişlidir. Ekstrim dağ turizmi, yolsuzluq maşınları ilə gəzmək, dağ veloturları və qədim adiblərin təqdim olunması. Hamını dəvət edirik. Əraziyə gələn olsa biz bələdçilik edib, gözəl tarixi abidəni, təbiəti onlara təqdim edə bilərik”.

Balçılı qalası Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan abidələr siyahısında yer almayıb. Gələcəkdə tədqiqat işləri aparıldıqdan sonra qala və onun yaxınlığındakı irili-xırdalı kurqanlar, alban qəbiristanlıqları tariximizin üçün mühüm məlumatları ortaya çıxara bilər.

Orxan Cəfərzadə