Ölkə qanunvericiliyinə görə müvafiq müqavilə bağlamadan mərc oyunlarının təşkili qadağandır. Lakin sözügedən oyunlar saytlar üzərindən xarici ölkələrdə yaradıldığından onlayn fəaliyyət qura bilirlər. Həmçinin bu kimi saytların əsasən də gənc istifadəçiləri ölkəmizdə kifayət qədərdir.
Xəyal Şükürov- sakin: “Mənim qarşıma illeqal mərc saytları tez-tez çıxır. Amma dost-tanışlarıma da məsləhət görmürəm ki, bir növ qumardır. Çox adam narazıçılıq edir. Tanışlarımdan da aldanan olub”.
İsmayıl Poladov- sakin: “Mənim də sosial şəbəkələrdə qabağıma çıxır, qanunla olmayan mərc saytları. Çalışdığım qədər ora girmirəm. Mənim dostum da var idi, mərc saytlarına girirdi, sonda sadəcə ziyanla çıxdı”.
Şəmi Kazımov- sakin: “Mən sosial şəbəkələrdə qanuni olmayan mərc saytlarını görürəm və bacardığım qədər daxil olmuram. İstifadə edənlərə də məsləhət görmürəm. Mərc saytlarına daxil olan olub tanışlarımdan, onlar da ziyanla çıxıbdır. Məsləhət görürəm ki, mərc saytlarına girməsinlər”.
Rüfət Mehdizadə- sakin: “Bu saytlar insanları fırıldaqçılığa yönəldir. Onlar qeyri-qanunidir yəni qanunla olan bir şey yoxdur. İnsanlar pullarını o oyunlara qoyurlar və qumar oynayırlar. İnsanlara tövsiyəm odur ki, oynamasınlar, halal pullarını harama çevirməsinlər. Tanışlarımdan olub amma sonra ayrılıblar. Çünki onlar fırıldaqçılardır”.
Mahir Purtiyev- sakin: “Əlbəttə ki, mənim də qabağıma bu tipli mərc saytları çıxır və onun çıxmağı da bizim üçün təhlükəlidir və elələri də var onlara aldanıb həmin saytlara qoşulurlar və pullarını itirirlər. Həmin saytlardan uzaq durun, həmin saytlara qoşulmayın, pullarınızı həmin saytlara xərcləməyin”.
Emin Vəliyev- sakin: “Çox vaxt belə qeyri-qanuni saytlar qabağıma çıxır, yəni mərc saytları. Ətrafımda istifadə edənlər də olub, çox vaxt ziyanla çıxıblar. Ordan xeyir götürən eşitməmişəm. İlleqal saytlar açıb, qazandırırıq deyənlər olub, məsələn 20 qoy, 100 götür. Pul qoyublar, sonra deyiblər ki, bir az da ödəyin, pulunuzu verək”.
Azərbaycanda yalnız 2 operatora mərc oyunlarını keçirmək üçün rəsmi icazə verilib. Qanunsuz fəaliyyət göstərən müxtəlif saytların mövcudluğu isə bir sıra problemlər yaradır.
Nail Qarayev- hüquqşünas: “Qumar oyunları dedikdə, pul vəsaitləri ilə oynalınan və qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan oyunlar başa düşülməkdədir. Lotoreya və mərc oyunlarını qumar oyunlarından ayırmaq lazımdır. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmuş lotoreya və mərc oyunları qumar oyunları hesab edilmir. Qanunsuz qumar oyunlarının reklamları aparılır və bu da özlüyündə məsuliyyət yaradır. Bunun da qarşısını almaq üçün cinayət məcəlləsinin müvafiq dayişiklik edilməsi ilə bağlı müzakirələr davam etməkdədir”.
Qanuna görə bu kimi mərc oyunlarını oynayan, təşkil edən və reklamını təbliğ edən şəxslər barəsində cinayət məsuliyyəti yaranır. Ancaq sözügedən oyunların təşkili xarici ölkələrdən olduğundan, təşkilatçılar məsuliyyətdən yayınmağı bacarırlar.
Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Təhlillər göstərir ki, bu tip saytlar daha çox xaricdə yaradılır və oradan idarə olunur və əfsuslar olsun ki, onların sosial mediada apardıqları reklam həmin saytların qurbanlarının sayını günü-gündən artırır. Bu saytların xaricdə yaradılması və idarə olunması bir qədər bizim işimizdə müəyyən çətinliklər yaradır. Amma bu o demək deyil ki, ölkədaxilində də bu tip saytlar var k, DİN- tərəfindən mütəmadi olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu saytları yaradan adminlər müəyyən olunur və onlar barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılır və onlar məsuliyyətə cəlb olunurlar”.
Əslində mərc oyunlarının fəaliyyətini, onlardan əldə edilən gəliri doğru istiqamətləndirmək mümkündür. Mərc oyunları leqallaşsa və dövlətə verilən vergilər ödənsə, bu, bir çox faydalı qurumların təkmilləşdirilməsinə təkan verə bilər. Beynəlxalq Olimpia Komitəsinin qiymətləndirməsinə görə bu kimi mərc oyunlarının illik dövriyəsi milyardlarla dollara çatır.
Pərvin Abbaszadə
- Baxış: 212