Azərbaycanda bir çox qurumlarda gənclər üçün könüllülük proqramları mövcuddur. Sirr deyil ki, könüllülük indiki sosial problemləri həll etmək məqsədilə bir mexanizm kimi yaşadığımız cəmiyyət üçün faydalıdır. Könüllü olmağın əsas səbəbi, ilk növbədə, öyrənmək, başqalarına kömək etmək və yerləşdiyimiz komfort zonadan kənarda tapa biləcəyimiz bacarıqları aşkara çıxarmaqdır. Hər bir yaşda könüllü fəaliyyətinə başlaya bilərsiniz, bunun üçün məhdudiyyət yoxdur. Gənc yaşda könüllü olmaq, maraq dairələrinizin nə olduğunu və güclü karyeranızın harada yerləşdiyini müəyyən etməkdə ikiqat faydalı ola bilər ki, bu da gələcək karyeranız barədə qərar qəbul etməkdə böyük rol oynayır. Könüllülük, sizinlə eyni məqsədi bölüşən digər insanlarla birgə işləmək deməkdir. Bu iş sizə müxtəlif sahələrdən olan fərqli insanlarla görüşmək üçün nadir fürsət verəcək. Bu iş həyatınıza yeni tanışlıqlar gətirməklə yanaşı, ünsiyyət bacarıqlarınızı da inkişaf etdirəcək. Bununla yanaşı, biz müəllimlərin də könüllü olaraq fəaliyyət göstərdiyinin şahidi oluruq. İnsanların pulsuz işləməsinin, yəni könüllü olmasının mənası nədir? Sadə sualdır, amma çoxlarına maraqlıdır. Düşünürəm ki, bu suala könüllü olaraq fəaliyyət göstərən gənc müəllimin cavabı nöqtə qoyacaq.
Sevinc Musayeva– könüllü müəllim: “Könüllülük layihəsinə qoşulmaq səbəbim, həm aztəminatlı ailələrə kömək etmək, həm də o uşaqların potensialını üzə çıxarmaqdır. Layihəni ilk dəfə sosial şəbəkədə gördüm və müraciət etdim. Hədəfim uşaqların potensialını üzə çıxarmaqdır. İşini sevən bir müəllim, məncə, təmənna güdməməlidir, mən də işimi sevdiyim üçün bu işi edirəm. Uşaqlarla işləmək məni peşəkarlaşdırır”.
Bəli, müsahibimizin də dediyi kimi, görəcəyi işdən heç bir ödəniş almayacağını düşünən insanlar sevdikləri bir sahəni seçirlər və burada könüllülük daxilində xidmətlər göstərirlər. Həyata keçirdiyi işlə özlərini xoşbəxt hesab edərək, xəyallarında qurduqları məqama çatırlar. Bu məqamda ehtiyacı olanlarla dostlaşırlar və onlara kömək edirlər. Könüllülük bir insanın biliyini, təcrübə və bacarıqlarını, könlündəki sevincini, ruhundakı şəfqət və aydınlığı başqa insanlara verə bilməkdir.
Günay Əsgərova
- Baxış: 222