• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 28.11.2023 19:40

Tütün məmulatlarının istifadəsinin idmançılara zərəri

KepezTV Player

İlk növbədə siqaret çəkmək oksigen mübadiləsini çətinləşdirir, bu isə birbaşa idman fəaliyyətinə təsir göstərir. Ağciyərlərin kiçilməsi, bəlğəm müşahidə olunur ki, bu da zamanla öskürəyə və təngnənəfəsliyə gətirib çıxarır. 

Şirxan Vəliyev- terapevt: “Organizmə ümumi təsiri baxımından idmançılarda daha çox təsirini görürük. Onların qan dövranı daha sürətli olduğundan tütün məhsullarının zərərli birləşmələrinin orqanizmdə daha tez paylanmasına və nəticədə onların bu məhsullarla daha çox zəhərlənmələrinə gətirib çıxardır”.

Tütün çəkən şəxsin ürəyi 30 faiz daha sürətli döyünür, bu isə idmanla məşğul olarkən ürəyə əlavə yük salır. Öz növbəsində bu, tez yorğunluğa, güc göstəricilərinin düşməsinə səbəb olur. Siqaret çəkmək idmançı üçün vacib hormonlardan biri hesab olunan testosteronun səviyyəsini ciddi şəkildə aşağı salır, əzələ inkişafını məhdudlaşdıran miostatinin səviyyəsini isə yüksəldir.

Əlibəy Məmmədli- basketbolçu: “İdmançının bərpa prosesi üçün ziyandır. Ümumiyyətlə bütün hallarda pisdir. Həm müdafiə üçün, həm hücum üçün pisdir. Sadəcə basketbol üçün yox, futbol, voleybol, yəni hər bir idman növü üçün çox pisdir. Bir insan üçün pisdir, idmançı üçün isə qəbuledilməzdir”.

Siqaret çəkən idmançı nəinki öz sağlamlığına zərər verir, eyni zamanda onun bu hərəkətinin şahidi olan gənc nəslin də tərbiyəsinə xələl yetirmiş olur.

Rizvan Səfərov- basketbol məşqçisi: “İnkişaf etməkdə olan gənclərimizin inkişafına böyük təsir edir. Çünki onlar baxırlar ki, bunlar öndə olan idmançıların siqaret çəkməklə məşğul olmaları əlbəttə ki, çox ziyanlı bir şeydir. Biz də onlara sizin ekran vasitəsi ilə müraciət etmək istərdik ki, bu vərdişlərdən əl çəksinlər və peşəkar sahədə onların həyat tərzinə müsbət təsir göstərən amillərlə, hərəkətlərlə məşğul olsunlar”.

Qeyd olunanları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, elə qəribə səsləndiyi kimi, idman və tütün məmulatlarının istifadəsi uyğun olmayan anlayışlardır. Bronxit, astma, xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olan bu vərdişin zərərlərini isə azaltmaq çətin olsa da mümkündür. Odur ki, “sağlam bədəndə, sağ ruh olar”, prinsipi ilə yanaşıb, idman formasını qorumaqda fayda var.

Ramin Paşayev