Günay Məmmədova- "face-art" ustası: “Rənglər bizim həyatımızın hər anını gözəlləşdirir”. Mən, artıq 7 ildir ki, "feys-art" sənəti ilə məşğulam. Bu 7 ildə demək olar ki, minlərlə uşağın üzünə şəkil çəkmişik və onların sevincinə şərik olmuşuq. Uşaqlar "face-art" çəkdirməyi sevirlər, ən çox da xüsusi günlərdə müraciət edirlər. Yeni ildə - şam ağacı, bəzəklər çəkdirirlər. 8 və 9 noyabr günlərində uşaqlar üzlərinə Azərbaycan bayrağı çəkdirirlər. Həmçinin, Xarı bülbüllə üzlərini gözəlləşdirirlər”.
Nə ilə məşğul oluruqsa olaq, hər bir sahənin özünəməxusus diqqət tələb edən xüsusiyyətləri var ki, həmin işin mütəxəssisi bu haqda daha məlumatlıdır.
Günay Məmmədova- "face-art" ustası: “Bu işdə xüsusi bacarıq vacibdir. Rənglərin dilini bilmək lazımdır, hansı rəngdən istifadə etmək olar, yaxud da hansı rəng uşağın üzünə daha yaxşı düşür, bütün bunların hər birində diqqətli olmaq vacibdir. Bundan əlavə olaraq, istifadə etdiyimiz boyalarda diqqətli olmalıyıq. Həm üzə əks təsiri olmayan, həm də təbii boyalar olmalıdır ki, uşaqlara heç bir zərəri olmasın. Şəkil çəkərkən bizə süngərlər də lazım olur və xüsusi qaşlardan da istifadə edərək gözəl görünüş verə bilərik”.
Nə qədər sevdiyimiz işlə məşğul olsaq da, bəzən bizi yoran nüanslarla qarşılaşmırıq, desək, yalan olar. Ona görə də, demirik. Həm də o işdə uşaqlar varsa, daha diqqətli və səbrli olmaq tələb olunur. Beləliklə, həm onların dedikləri olar, həm də biz işimizdən zövq alarıq.
Günay Məmmədova- "face-art" ustası: “Əslində işimi sevirəm, ancaq onu da deyim ki, uşaqlarla işləmək elə də asan deyil. Bəziləri gələndə fərqli şəkillər istəyir, biz deyəndə ki, bu sənə yaraşmaz, o dəqiqə pis olurlar və aqressiv davranırlar. Ancaq həm çalışırıq onların dedikləri olsun, həm də bizim. Onlar da yanımızdan razı halda getsinlər”.
Ayrı- ayrı ixtisasları öyrəndikcə işinin peşəkarı olanların öz sahələrini heç də asanlıqla əldə etmədiyini və çətinliklə qazanılan hər bir şeyin necə xoş olduğunu öyrəndik. Bax belə, bu dəfə də rənglərin bir-biri ilə ahəng yaradaraq ortaya çıxardığı maraqlı bir incəsənətlə tanış olduq. Ancaq tanımaq, bilmək kifayət etmir. Sənəti duymaq, hiss etmək lazımdır.
Günay Məmmədova- "face-art" ustası: “Məncə, hər kəs sevdiyi sahə üzrə işləməlidir. Çünki sevdiyimiz işlə məşğul olduqda,onu daha həvəslə etmiş olacağıq”.
Lalə Bağırova
- Baxış: 185