Gəncədə Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib. Gəncə Tibb Kollecində baş tutan tədbirdə mərkəzin məsul şəxsləri, şəhər icra hakimiyyətinin nümayəndələri, eyni zamanda tibb kollecinin rəhbərliyi və müəllim-tələbə heyəti iştirak edib. Əvvəlcə fövqəladə hallar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə tövsiyələr verilib, atılacaq addımlar ətraflı şəkildə izah olunub. Daha sonra praktiki hissədə zəlzələ baş verən vaxt qeydə alınan yanğın zamanı “Həyəcan” siqnalı ilə şəxslərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib. “Yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin tədbir iştirakçılarına zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardım göstərilməsi nümayiş etdirilib. Bundan başqa Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib.
Orxan Cəfərzadə
- Baxış: 207