Əvvəllər Ermənistan Azərbaycana qarşı istifadə etdiyi silah-sursat və hərbi texnikanı əsasən Rusiyadan tədarük edirdi. Hazırda Ukrayna ilə müharibə şəraitində olduğu üçün şimal qonşumuz Ermənistanı müvafiq vasitələrlə təmin edə bilmir. Uzun illər Azərbaycan ordusunda xidmət edən polkovnik Şair Ramaldanovun fikrincə əvəzində ermənilər arsenalını yaxşılaşdırmaq üçün Avropaya üz tutublar. Daha dəqiq desək, ermənipərəst dövlətlərə. Bu proses nəyə hesablanıb? Yoxsa mənfur qonşumuz yenidən bizimlə müharibəyə hazırlaşır? Şair Ramaldanov məsələyə münasibət bildirərkən, bunun siyasi önəm daşıdığı və ölkəmizə qarşı yönəlmədiyini deyib.
Şair Ramaldanov- hərbi ekspert: “Fransa silahlandırma ilə məşğul olmaq üçün müəyyən addımlar atır. Ancaq bu addımlar daha çox reallığa deyil, siyasi tərəfdən atılan addımdır. İndiyədək Fransadan cəmi iki radiolokasiya stansiyası gəlib. Ermənistanın hava hücumundan müdafiəsi MDB məkanı çərçivəsindədir. Ona görə də bu qurğuların elə bir faydası yoxdur. Mən inanmıram ki, Ermənistana yetərincə silahı Fransa verə bilsin. Fransanın Ermənistanı silahlandırmasına heç də Azərbaycana hansısa təhlükə bucağından baxmağa ehtiyac yoxdur”.
Digər tərəfdən Fransa Ermənistana hərbi dəstək verməklə yanaşı, oyuncaq kimi istifadə etdiyi tərəfdaşına beynəlxalq arenada da qahmar çıxır. Beynəlxalq Ədalət məhkəməsinin qərarından sonra firənglərin verdiyi bəyanat sadəcə Azərbaycanı həzm edə bilməməkdir.
Elxan Şahinoğlu- siyasi şərhçi: “Fransanın Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr qərarını dırnaqarası mənimsəməsi onların anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bu gün Yaxın Şərqdə baş verənlər, minlərlə insanların ölümünə susan dövlətlər Azərbaycana təzyiq etməyə çalışırlar, o cümlədən Fransa guya Azərbaycan hansısa bir dırnaqarası etnik təmizləmə həyata keçirib, Qarabağdakı ermənilərin hüquqları bərpa edilməlidir. Ermənistan hakimiyyəti bu məsləni qaldırmır, Fransa hakimiyyəti, Fransa prezidenti kraldan böyük kral olmağa çalışır. Amma bu da nəticə verməyəcək. İkinci Qarabağ müharibəsində nəticələrini, separatizmə Azərbaycanın son qoymasını sadəcə ermənipərəst mərkəzlər, o cümlədən Fransadakı siyasi mərkəzlər həzm edə bilmirlər”.
Azərbaycan müəyyən dövrlərdə Ermənistana torpaqlarında etdiyi qanunsuzluqlara görə dəfələrlə xəbərdarlıq edib, saymazyanalıq gördükdə isə layiqli şəkildə cavabını verib. Bu, bütün dünyaya bəllidir. Əgər ölkəmiz tam bərpa etdiyi suverenliyinə qarşı hər bir hansı təhdid hiss edərsə, yenidən “Dəmir yumruq” fəaliyyətə keçəcək. Bununla belə təklif etdiyi sülh gündəliyinə sadiqliyini də ikinci plana atmır.
- Baxış: 154