Oyunda hesab erkən qollarla açılıb. 3-cü dəqiqədə kapitan Emin Mahmudov azarkeşləri ayağa qaldırıb. 6-cı dəqiqədə isə Renat Dadaşov səhnəyə çıxıb. O, dəqiq zərbə ilə qonaqları şoka salıb. 57-ci dəqiqədə Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qalan vaxtda millimiz nəinki rəqibi, hətta azarkeşlərimizi də təəccübləndirib. Qapısından qol buraxmayan komandamız 89-cu dəqiqədə Emin Mahmudovun mükəmməl qolu ilə görüşdə son nöqtəni qoyub - 3:0. Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin 7 xalı var. Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək. "Bu gün meydanda ürəyimizi qoyduq". Bunu, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oyundan sonra mətbuat konfransında deyib. 67 yaşlı mütəxəssis matça çox yaxşı başladıqlarını bildirib. Oyuna görə futbolçuların alqışa və bundan artığına layiq olduqlarını vurğulayıb. Milli komanda uduzanda da stadionda ona tam dəstək vermək lazımdır. Hər görüşdə tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və "vuruşduq" - deyə, italyan çalışdırıcı əlavə edib.
İsveç millisinin baş məşqçisi Yanne Andersson Azərbaycan millisinin yaxşı komanda olduğunu söyləyib. "Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Rəqib Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdı. Onlar qələbəyə layiq idilər. Mən isə məyusam", - sitatın sonu.
- Baxış: 367