ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın səsləndirdiyi birtərəfli və qərəzli fikirlər qəbuledilməzdir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək, prosesi ləngitdiyini unudur. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə də zərbə vurur. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının prioritet olduğunu bir daha təsdiqləyir. Birləşmiş Ştatların belə birtərəfli yanaşması vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bu il 20 noyabrda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi vurğulayırıq. Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.", - deyə Nazirlikdən açıqlanıb.
- Baxış: 179