• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 05.11.2023 20:01

Dəm qazı can almasın deyə, ehtiyatı əldən verməyin

KepezTV Player

Havaların soyuması fonunda əhalinin təbii qaza olan tələbatının artması, dəm qazı təhlükəsini də yaradır. Yadda saxlamaq lazımdır ki, dəm qazı iyisizdir və hiss olunmur. Bu da birbaşa qana hopan dəm qazının nə qədər təhlükəli olmasına bariz nümunədir. Bunun baş verməməsi üçün ən əsası standartlara cavab verən cihazlardan istifadə vacibdir. 

İlkin Behbudov- “Azəriqaz” İB-nin şöbə rəisi: “Təbii qazın istehlakı zamanı təyin olunmuş hüquqi normativ sənədlərə texniki təhlükəsizlik qaydalarına əməl etmədikdə, özü ilə bərabər bədbəxt hadisələrində baş verməsinə gətirib çıxarır. Təbii qazın mənzillərdə, obyektlərdə istehlakı zamanı qüvvədə olan qanunverciliyin tələblərinə uyğun olaraq qaz və qaz təsərrüfatındakı təhlükəsizlik qaydalarına uyğun olaraq həm qaz cihazlarının quraşdırılmasına, həm cihazlar quraşıdırılan otaqların ölçülərinə əməl etmək və düzgün cihazlardan istifadə etmək lazımdır”.

Dəm qazı yanar maddənin tam yanmaması nəticəsində əmələ gəlir. Bu da dəm qazı ilə zəhərlənməyə səbəb olur. Fəsadları isə həyati təhlükəlidir.  

Turqay Abbaslı- FHN-nin İctimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi: “Bir çox hallarda vətəndaşlar saz və standarlara uyğun olmayan, eyni zamanda kustar üsullarla hazırlanmış qaz cihazlarından da istifadə edirlər. Belə cihazlardan istifadə zamanı yanma düzgün yerinə yetmədiyindən, dəm qazı təhlükəsi yarana bilir. Dəm qazı ölüm təhlükəlidir və bu təhlükədən qorunmaq üçün qaz cihazı saz və standratlara uyğun olmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 m 20 sm-dən az olmamalıdır. Həmçinin havaçəkmə sistemi işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya sistemi, qapının aşağısında isə dəlik olmalıdır. Tüstübacalar ildə iki dəfə təmizlənməlidir”.

Dəm qazı aktiv kimyəvi maddədir və qana keçərək ilkin olaraq təngnəfəslik, huşun itirilməsi, bədən ətrafında göyərmə, ürəkbulanma, təzyiqin aşağı düşməsi kimi əlamətləri biruzə verir. Sadalanan bu halla rastlaşdıqda isə ilkin olaraq həmin insan havaya çıxarılaraq, süni nəfəs verilməli, yaxınlıqdakı tibb müəssisəsinə çatdırılmalıdır. 

Suliddin Musayev- Gəncə şəhər TTYX-nın reanimasiya şöbəsinin müdiri: “Oksigendaşıyıcı preparatlardan istifadə olunur. Antioksidantlardan istifadə edilir. Vitamin S, eləcə də qanı durulaşdırmaq üçün digər vasitələrdən istifadə edirik. Yüngül vəziyyətdə olanda Acil şöbəsində kömək olunur, ağır vəziyyətdə isə Reanimasiya şöbəsinə köçürülür. Hətta xəstə süni tənəffüs aparatına da birləşdirilir”.

Cahangir Kazımov- sakin: “İnsanlar ümumiyyətlə özlərini qorumalıdırlar. Ehtiyatlı olmalıdırlar. Bu, çox təhlükəli bir şeydir. Yaxınımız təsadüfən olubdur, indi də xəstəxanada yatır”.

Məhərrəm Cabbarov- sakin: “Dəm qazını hər zaman eşidirik ki, kabusdur, qorxuludur. Ondan ehtiyatlı olmaq lazımdır. Xəstəxanadayıq, yaxın adam olubdur”.

Yadda saxlamaq lazımdır ki, dəm qazı nə  kiçik, nə də böyük tanıyır. Yəni ani bir səhlənkarlıq bu kabusdan həyatın itirilməsinə səbəb olur. Bunun acısını yaşamamaq üçün tövsiyələrə əməl edilməlidir. 

Elnur Vahidoğlu