Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür və insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Bəli, rəssamlıq dərin anlama sahib sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir. Boş yerə deyilməyib ki, rəssam gördüklərini yox, hiss etdiklərini çəkir. Artıq söhbət hansı peşədən gedəcək bilirsiniz. Bu gün də hissləri ilə əsərlərini yaradan rəssam xanımın sənətinin sirlərini öyrənməyə gəldik.
- Necə oldu ki, sizdə bu sənətə qarşı maraq yarandı və çəkdiyiniz ilk rəsm haqqında danışa bilərsiniz?
Ləman Vəlizadə- rəssam: “Daha çox uşaq vaxtından çəkməyə başlamışam. Daha sonra evdəkilər, valideynlərim gördükdən sonra ki, həvəsim var, çəkə bilirəm və başladılar məni kurslara yazdırmağa. Onda Bakıda təhsil alırdım”.
- Hər bir peşə sahibi nədən və yaxud da kimdənsə ruhlanaraq öz əsərini yaradır. Maraqlıdır ki, rəsmlərinizi çəkərkən siz nədən ilaham alırsınız?
Ləman Vəlizadə- rəssam: “Rəsmləri çəkərkən insan süjetlərindən istifadə edirəm. Mənim ixtisasım daha çox bədii metal üzərində olduğuna görə, daha çox o sahəyə yönəlirəm. Ancaq belə daha çox portret- yağlı boya ilə, əlavə olaraq peyzaj da ola bilər. Amma mənim üçün elə də fərqi yoxdur. Hər şey çəkirəm və istifadə edirəm”.
- Portret çəkirsinizsə, necə seçirsiniz və heç olubmu ki, bir rəsmin üzərində günlərlə, hətta aylarla işləyəsiniz?
Ləman Vəlizadə- rəssam: “Məni cəlb edərsə, onu işləmək mənim üçün daha rahatdır. Bəzən elə olur ki, istədiyin kimi alındıra bilmirsən, ancaq daha yaxşı olar ki, bütün o köhnə rəssamlar kimi xarakterik üzləri oxşatmağa çalışaq. O zaman daha yaxşı alınar”.
- Sizcə, rəssam necə olmalıdır və bu sənətlə məşğul olmaq istəyən gənclərə hansı tövsiyələriniz olardı?
Ləman Vəlizadə- rəssam: “Rəssam necə olmalıdır? – bir az çətin sualdır, çünki mən demək olar ki, bu sualı özümə hər il verirəm. Ancaq onu deyə bilərəm ki, yetəri qədər yaradıcı olmaq lazımdır ki, daha yaxşı işlər ortaya çıxarasan. Gənc rəssamlar da çalışsınlar ki, birinci rəssamlıq üçün lazım olan əsas məsələləri öyrənsinlər. Onları öyrəndikdən sonrta inanın ki, arxası gələcək”.
Cəmiyyəti dəyişən bir çox nüanslar var. Onların arasında sənət, hüdudsuzluq, yaradıcılıq cəmiyyəti hər şeydən daha sürətlə dəyişir. Unutmayaq ki, uğur və sənət gəncin sahib olduğu ən böyük dəyərlərdir.
Lalə Bağırova
- Baxış: 253