Bunlar gənclər arasında Dünya və Avropa miqyaslı yarışlarda Azərbaycan komandasının parlaq çıxışında rolu olan Turan Bayramov və Gültəkin Şirinovadır. Əməkdar məşqçi Abil İbrahimov yetirməsi olan Bayramovun gücünə inanır və onun həmişə olduğu kimi bu dəfə də uğurlu yarışacağına ümid etdiyini bildirib.
Abil İbrahimov- əməkdar məşqçi: “Düşünürəm ki, yaxşı nəticələrlə xalqımızı sevindirəcəyik. Turan hal-hazırda Azərbaycan milli komandasının tərkibində Bakıda təlim-məşq toplanışındadır. Hər gün əlaqə saxlayırıq, danışırıq. Ayın 14-də mən də yetirməmə dəstək olmaq məqsədi ilə təlim-məşq toplanışına qatılacam”.
Turan Bayramov hazırlıq prosesi haqda daha ətraflı məlumat verib. O, yarışın ölkəmizdə təşkil olunduğu üçün məşqlərə daha məsuliyyətli yanaşdığını deyib.
Turan Bayramov- güləşçi: “Birinci etap bitdi. Fiziki gücümüzü inkişaf elətdirdik. İkinci etapda daha çox döşək məşqlərinə üstünlük verəcəyik. Sparinqlər edəcəyik. Rəqibləri təhlil edəcəyik. Hərbçilərin Dünya Çempionatı Azərbaycanda keçirildiyindən daha məhsuliyyətliyik”.
Gültəkin Şirinovanın məşqçisi Mehman Allahverdiyevin sözlərinə görə, Albaniyada 23 yaşlıların Dünya çempionatına hazırlıq məqsədi ilə keçirilən təlim-məşq toplantışında yetirməsi yüngül zədə alıb. Federasiya və həkimlərlə məsləhətləşdikdən sonra qərara alınıb ki, Gültəkin bu yarışa yollanmasın. Bir həftəlik istirahətdən sonra diqqət ölkəmizdə ilk dəfə təşkil olunacaq Hərbiçilərin Dünya çempionatına yönəldilsin.
Mehman Allahverdiyev- əməkdar məşqçi: “Dünya çempionatına biz ev sahibliyi edəcəyik. Ona görə bütün gücümüzü bu istiqamətə yönəltmişik. Məsləhət belə oldu U-23-ə ölkənin 2 nömrəsi getsin, Gültəkin isə 1 nömrə olaraq Bakıda keçiriləcək Hərbiçilərin Dünya çempionatında iştirak etsin. O, qızıl medal qazanarsa və ölkəmiz birinci yeri tutarsa, bizim Gəncə idmançılarımızın da bunda payı olarsa, mən də çox sevinərəm”.
Son nailiyyətləri ilə Gəncə idmanının tarixinə düşən Gültəkin indidən yarışa həm fiziki, həm də psixoloji cəhətdən hazır olduğunu vurğulayıb.
Hərbçilərin 36-cı dünya çempionatında 259 idmançının iştirakı dəqiqləşib. Sifarişlər gəlməkdə davam edir. Mundialda təxminən 400-ə yaxın pəhləvanın qüvvəsini sınayacağı gözlənilir.
Ramin Paşayev
- Baxış: 397