Meşə massivi ilə əhatələnən Göygölün Qarabulaq kəndinə ayıların hücumu son iki aydır baş verir. Ancaq oktyabrda daha intensiv hal alıb. Sakinlər yırtıcı heyvanların kənddə 10-dan artıq arı yeşiyinə, meyvə ağaclarına ziyan vurduğuna diqqət çəkir. Eyni zamanda otlaq sahələrdə olan bir neçə baş mal-qaranı da tələf edib. Vəziyyət həm təşviş, həm də qorxu yaradır.
Təsərrüfatlara zərər vurmaqla yanaşı ayılar gündüz saatlarında sakinlərlə üz-üzə də gəliblər. Ancaq xoşbəxtlikdən xoşagəlməz hal yaşanmayıb. Əhali hər an təhlükəylə qarşı-qarşıya qaldıqlarını bildirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələyə münasibət bildirilib. Meşəlik ərazilərə yaxın olan kəndlərdə vəhşi heyvanların olmasının təbii hal olduğuna diqqət çəkilir. Kənd sakinlərinə maksimum ehtiyatlı olmaq tövsiyə olunur.
Göygöl rayonunun Qarabulaq kəndindən başqa qonşu Quşçu və Sarısu kəndlərində də ayı hücumları qeydə alınıb.
Qış yuxusuna getməzdən əvvəl ayılar əsasən payız dövründə meşə massivinə yaxın ərazilərdə yem ehtiyatı toplayırlar.
Orxan Cəfərzadə
- Baxış: 267