Xurmanın vətəni sayılan qərb bölgəsində məhsul yığımının başlamasına sayılı günlər qalıb. Bağlarda məhsul yığımı üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Hər ağaclardan orta hesabla 150-200 kq-a qədər xurma toplamaq planlaşdırılır. Fermerlər xurmanın yetişdirilməsinin əziyyətli və vaxt tələb edən proses olduğuna diqqət çəkir.
Xaliqverdi Aslanov- fermer: “Yerli sortdur - Seyfəli sortudur, “öküz ürəyi” deyirik bu sorta. Məhsuldardır. Çox əziyyətli işdir, bu bağı becərmək, başa gətirmək. Çox vaxt aparan işdir. Bu məhsulu bu formaya gətirmək üçün çox əziyyətlər çəkilir. Budanması, suvarılma, gübrələmə ilin 12 ayı burada iş gedir. Yəni məhsulumuz da göz qabağındadır. Yəni əziyyət çəkilir. Əziyyət çəkməsən bağ olmaz”.
5 hektar xurma bağı olan fermer Fəzail Alıyev də illərdir ki, bu işlə məşğuldur. O da məhsuldarlığın ürəkaçan olduğuna diqqət çəkərək xurmanın satışının təşkili məsələsinə toxunur.
Fəzail Alıyev- fermer: “Bizim indi axırıncı suyumuzun vaxtıdır. Axrıncı suyu verdikdən sonra bunu biz göndərəcəyik Rusiyaya, orda satılmağa. Orda da istənilən qiymətə malımız satılacaq. Çünki bu il məhsulumuz boldur, yaxşı da məhsulumuz var. Hal-hazırda bugünkü gündə gəliblər yeşiyini 10 manata almağa, biz verməmişik. Çünki özümüz imkanımız var ki, onu soyuduculara vurub, nə vaxtsa - yanvar, fevral ayında Rusiya bazarları ilə əlaqə saxlayıb, məhsulumuzu istədiyimiz qiymətə sataq. Yerli bazara onun ikinci növü deyilən bir sahə var, ordan veririk. Yəni “nəlbəki” sortu var, onu yerli bazara veririk, Rusiya bazarında onu yaxşı tutmurlar”.
Bol məhsul üçün bitkilərə vaxtında qulluq etmək vacibdir. Aqrotexniki tədbirlər bitkini həm məhsuldarlıq, xəstəliklərdən qorumaq baxımından vacibdir.
Nüşabə Sadıqova- mütəxəssis: “Xurmada ən çox geniş yayılmış xəstəliklərdən biri onun yarpaqlarının üzərində yaranmış qəhvəyi-qonur ləkələrin əmələ gəlməsidir ki, bu ləkələr təqribən xurma bitkisinin yarpağının üzərində 5-7 mm dərinlikdə əmələ gəlir və bitkilərin meyvələri demək olar ki, quruyur və məhv olmağa doğru gedir. Bunun qarşısını almaq üçün isə, yerə tökülən xəstə yarpaqları yandırmalıyıq və məhsul yığımından sonra isə yerdə qalan yarpaqları da “bordo” mayesi ilə çiləməliyik ki, xəstəlik torpaqda və ətrafda qalmasın, geniş olaraq yayılmasın”.
Fermerlər Rusiya-Ukrayna müharibəsi səbəbindən yığdıqları məhsulu satmaqda bir az çətinlik yaşayır. Ukraynaya tədarük demək olar ki, dayandırılıb. Rusiya bazarlarında isə satış həyata keçirilir. Xurma MDB regionu ilə yanaşı Avropa və Ərəb ölkələrinə də qurudulmuş və yarı-qurudulmuş şəkildə ixrac olunur. İllik orta statistik göstəricilərə əsasən, ölkəmizdən 125 milyon ABŞ dolları dəyərində digər ölkələrə xurma ixracı mümkündür.
Pərvin Abbaszadə
- Baxış: 250