• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 23.10.2023 19:52

Sağlam arıqlamaq üçün nə etməli?

KepezTV Player

Piylənmədən əziyyət çəkənlər, deformasiyaya uğramış bədən quruluşuna sahib olanlar, eləcə də ideal bədənə malik olmaq istəyənlərin sayı az deyil. Bir çox hallarda belələri həkimə müraciət etmək, idmanla məşğul olmaq əvəzinə, haqqında elə də məlumatlı olmadıqları, ziyanlarından xəbərsiz olduqları dərman preparatlarına üstünlük verirlər. Müxtəlif bitki çaylarını qəbul edirlər. Ta ki, səhhətlərində problem yaranana qədər.

Mədinə Zeynalova- şəhər sakini: “Arıqlama çaylarından boşuna istifadə etməyin. Çünki heç bir xeyirini görməyəcəksiniz. Əksinə, mədənizdə problem yarana bilər. Məndə elə olmuşdu. Düzü, yalan deməyəcəm, bu vasitələr ilə arıqlamışam. Arıqlama çayları ilə bir ayda səkkiz kilo arıqlıyıb, ondan sonra həmin kilonu geri almışam. Yəni, bunların mənə heç bir xeyiri dəyməyib”. 

Şəbnəm İsazadə- şəhər sakini: “Əvvəl çaylardan, kofelərdən, çəki atdıran proteinlərdən istifadə etmişəm. Amma heç bir təsirini görməmişəm. Xanımlara da tövsiyələrim də odur ki, sağlam arıqlamağa cəhd göstərsinlər”.

Arıqlamaq tək dərman preparatları və ya çaylarla olmur. Bu yolla bədəni zəhərləməyə də ehtiyac yoxdur. Arıqlamaq istəyənlərin bir qismi fiziki aktivliyə üstünlük verir.

Günay Səfiyarova- məşqçi: “Gələnlərin çoxusu vid-fasona düşmək üçün, arıqlamaq üçün, bəziləri isə sağlamlıq üçün gəlir. Həkim yönəltməsi ilə gəlir. Təbii yollarla yəni, idmanla, yemək menyusunu-şəkərədən, undan aralı dursalar, yeməsələr, onlardan istifadə etməsələr daha tez, daha sağlam və qalıcı olaraq arıqlamağa başlaya bilərlər. Biz idmanla bütün bədəni toparlayırıq, toparlayandan sonra arıqladırıq, arıqlatdıqdan sonra sallaq əti yığırıq, ondan sonra kökəlmə daha gec olur”.

Statistik rəqəmlərə görə, Azərbaycanda 18 yaşdan yuxarı əhali arasında artıq çəki problemi 35 faiz, piylənməyə isə 21 faiz rast gəlinir.

Nurlana Zeynalova- həkim: “Bəzi hallarda vətəndaşlarımız çəki artımını düzgün dəyərləndirməyərək, sağlam sayılmayan müxtəlif tipli çəkivermə üsullarına üz tuturlar. Sağlam arıqlamanın əsas yolu gündəlik kalorinin istifadə olunan kaloridən az miqdarda olmasıdır. Bunun üçün mütəq şəkildə əhali fiziki aktivliyi təmin etməlidir. Qida rasionunda sağlam sayılan meyvə-tərəvəzlərin qəbulu artırılmalı, trans, ağır mənimsənilən yağlar, qida məhsulları, həmçinin tez mənimsəniləbilən karbohidratların miqdarı mütləq şəkildə azaldılmalıdır”.

Mütəxəssislər deyirlər ki, arıqlama vasitələri sürətli kilo verməyə yardımçı olsa da, tərkibi və yüksək dozada qəbul edildikdə ürək-damar sistemində problemlər yaradır, hətta psixoloji problemlərə səbəb olur. 

Aişə Rzayeva